Azərbaycan Dövlət İqtisad Universitəsində (UNEC) tələbələrin təşəbbüsü və Elmi Şuranın qərarı ilə 3 yeni tələbə təşkilatı yaradılıb. Bu yeni təşkilatlar “UNEC Diplomatiya Təşkilatı”, “UNEC İnklüziv Təhsil Dəstək Təşkilatı” və “UNEC Türk Dünyası Gənclər Təşkilatı” adlanır. Hər üç təşkilat tələbələrə yeni imkanlar və platformalar təqdim etməklə yanaşı, tələbə həyatını daha da zənginləşdirəcək, gənclərin müxtəlif sahələrdə öz potensiallarını inkişaf etdirmələrinə şərait yaradacaq və sosial məsuliyyətlərini artıracaq.
“UNEC Diplomatiya Təşkilatı” beynəlxalq münasibətlər və diplomatiya sahələrində tələbələrin nəzəri və praktik biliklərini artırmağı hədəfləyir. Təşkilat, müxtəlif beynəlxalq forumlar, seminar və müzakirələr təşkil edərək, tələbələrə diplomatik fəaliyyətlərdə iştirak etmə imkanı yaradacaq. Eyni zamanda, bu təşəbbüs tələbələrin liderlik bacarıqlarını inkişaf etdirmək, digər ölkələrdən gələn tələbələrlə təcrübə mübadiləsi aparmaq və qlobal məsələlərə dair fərqli baxışlar əldə etmək üçün əlverişli bir platforma təmin edəcək.
“UNEC İnklüziv Təhsil Dəstək Təşkilatı” isə inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmə işlərini həyata keçirəcək. Bu təşkilat, həssas qrupa daxil olan tələbələr üçün sosial və akademik mühitin yaradılmasına dəstək göstərəcək. Eyni zamanda, bərabər təhsil imkanlarının təmin olunmasına xüsusi diqqət yetirəcək.
“UNEC Türk Dünyası Gənclər Təşkilatı” Türk Dünyası ilə əlaqələri möhkəmləndirmək və bu regionun gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək məqsədini daşıyır. Bu təşkilat, Türk dünyasının elm, təhsil, mədəniyyət və digər sahələrdə irsini təbliğ edəcək, həmçinin Türk dünyasında baş verən yeniliklərin paylaşılmasına, təcrübə mübadiləsinə dəstək göstərəcək.
Qeyd edək ki, UNEC-də Tələbə rektor institutu da daxil olmaqla, müxtəlif istiqamətlər üzrə 15 tələbə təşkilatı fəaliyyət göstərir. Bu yeni yaradılan təşkilatlar, tələbələrin sosial, akademik və liderlik bacarıqlarını inkişaf etdirərək, onların akademik və karyera məqsədlərinə nail olmalarına kömək edəcəkdir. UNEC, tələbələrinin inkişafına verdiyi önəm və sağlam sosial mühitin yaradılması ilə gənclərin müasir dünyada daha aktiv olmalarını təmin etməyi hədəfləyir.