"AZAL-ın qəzası: Prezident cəza və üzr tələb edir"

 Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı

Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Groznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəza uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyi sayəsində 29 sərnişin sağ qalıb. Qəza baş verdikdən dərhal sonra Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan ölkə başçısı cənab İlham Əliyev Bakıya qayidaraq, elə hava limanında xüsusi müsavirə keçirdi. Dövlət Komissiyasının yaradılması barədə sərəncam verərək, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdi. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirdi, dövlətimizin mövqeyini çatdırdı. Qeyd edildi ki, qəza uğrayan təyyarənin füzelyajının dəlik-desik olması mühərrikə qus düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzrə dayanmaga üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansisa qaz balonunun partlaması ilə bağlı versiyaları irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir,” – deyə qeyd etdi. Təbii ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi, addımlar idi. “Üfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik,” – bildirib. Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutular” açıldıqdan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək.” Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildiyini deyib. Dövlətimizin başçısı bildirib: “Bu, nə dən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycana dövlətinə və zərərçəkmiş sərnişinə və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələbin, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.” Hadisədən keçən az müddət ərzində Rusiya Prezidenti Vladimir Putin artıq 2 dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Hər iki telefon danışıqları zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər. Təyyarə qəzasından sonra artıq AZAL şirkəti Rusiyanın bir çox şəhərlərinə uçuşları dayandırıb. Buna səbəb Rusiyanın bir çox şəhərlərində vaxtsiri hava məkanının bağlanması, orada xüsusi əməliyyat rejimi tətbiq edilməsidir. Dövlət başçısının bildirdiyinə görə AZAL müddətsiz olaraq Rusiyanın yeddi şəhərinə öz uçuşlarını, həmçinin Rusiya aviasiya şirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb. Bu da ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır.
ÖNCEKİ HABER

"Pilotlar qəza zamanı yüksək peşəkarlıq göstərdi"

SONRAKİ HABER

"Putin, İlham Əliyevdən üzr istədi"