Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərin əksəriyyəti qeyri-qanuni həyata keçirilir. Belə ki, institutun ərazisində yeralti "yod brom" quyularının mövcud olması həmin xəstəxananın tikilməsinə səbəb olub. Sovetlər dövründə yeralti sərvətin üzərində tikilən xəstəxana "S. M. Kirov adina Elmi-Tədqiqat Institutu" kimi bərpa olunaraq fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra isə Elmi Tədqiqat Tibbi Bərpa Institutu kimi fəaliyyətini davam etdirir. Lakin buna baxmayaraq, xəstəxananın fəaliyyət göstərməsinə səbəb olan "yod brom" yeralti quyularının üzərində qanunsuz bina tikintisi aparıldığına görə müalicəvi su mənbəyi batırılmışdır.
Apardığımız araşdırmalardan məlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa Institutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və institutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır. Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva instituta direktor gətirildikdən sonra, rəhbərlik etdiyi bir il ərzində institutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmamışdır. Hal-hazırda xəstəxana Fövqəladə Hallar Nazirliyinin siyahısında qəzalı bina kimi göstərilməsinə baxmayaraq, xəstələrin qəbulu davam etdirilir.
Etibarlı mənbənin məlumatına görə, xəstələrə müalicə məqsədilə təyin olunan dərman preparatları və sprislər pul ilə satılır. Baxmayaraq ki, müalicə məqsədilə qəbul olunan xəstələrə pul ilə deyil, Tibbi Sigorta hesabına qarşılanmalıdır. Təəssüflər olsun ki, direktor gəldiyindən hər şey pulludur. Elmi Tədqiqat Tibbi Bərpa Institutunun yeməkxanasında bişirilən yeməklər Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən 6 xəstəxananın xəstələrinin yeməyini təmin edir və yeməklər xəstələrin xəstəliyinə uyğun əvvəlcədən tutulmuş menyu əsasında bişirilir. Lakin xəstəxananın yeməkxanasında qaydalara riayət olunmur və yeməklər necə gəldi bişirilib paylanılır.
Qeyd edək ki, Mətanət Əfəndiyeva tibb elmi ictimaiyyətində Rusiya alimi kimi tanınır. Bütün elmi dərəcələrini, professor adını da Rusiyada alıb. Onun elmi tədqiqatlarının nəticələri, ixtiraları Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. Ancaq görünən odur ki, Mətanət xanımın öz vətənində tətbiq etdikləri heç də elmin və tibbin inkişafına xidmət etmir. Yəqin ki, onu idarəetmə işində saxlayan havadarlarının da arxası Rusiyaya bağlıdır.