Xarici müğənnilərin konserti adı ilə aldatma

Xarici müğənnilərin Azərbaycanda konsertini təşkil edən  “CAS GROUP”MMC ölkəmizdə fəaliyyət göstərən tur şirkətini və fiziki şəxsləri aldadaraq onların külli miqdarda pulunu mənimsəyib
Xarici müğənnilərin Azərbaycanda konsertini təşkil edən "CAS GROUP" MMC, ölkəmizdə fəaliyyət göstərən tur şirkətini və fiziki şəxsləri aldadaraq külli miqdarda pulunu mənimsəyib. Məlumata görə, "AVIA RISE" MMC, "CAS GROUP" MMC-nin populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21888 manat ziyan vurduğunu bildirir. Turizm şirkətinin iddiasına görə, "CAS GROUP" MMC-nin nümayəndəsi kimi onlarla bütün danışıqları Fatimə Elsad qızı İmanzadə aparmışdır. F. İmanzadə, "CAS GROUP" MMC-nin təsisçisi və direktoru Amil Malik oğlu Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri üçün müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün turizm şirkəti ilə müqavilə bağlayıb. Turizm şirkətindən bildirilib ki, təşkilatçı şirkət onlara ödəməli olan 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından mədaxil olmadan, 21888 manatını ödəməkdən boyun qaçırır. Amma "CAS GROUP" MMC-nin qurbanı yalnız bu turizm şirkəti deyil. Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. "CAS GROUP" MMC-nin ümumi olaraq hüquqi və şəxsləri aldadaraq 210 min manat ziyan vurduğu bildirilib. F. İmanzadə, müqavilə bağladığı şəxsləri aldataraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandıraraq, amma daha sonra onun yalan vəd verdiyi bəzi müğənnilərin ümumilikdə ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub. Belə ki, 2024-cü ilin iyunun 7-də Türkiyənin tanınmış sənətçisi SEFO-nun konserti "Elektra Hall" konsert zalında baş tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni zamanda, 2023-cü ilin iyul ayının 14-də "Elektra Hall"da rus sənətçisi GUF-un konserti təşkil edilsə də, konsert adı altında borc alınan şəxslərin pulu geri ödənilməyib. Bundan əlavə, 2023-cü ilin oktyabr ayının 29-da türk sənətçisi MURDA-nın Özbəkistanın paytaxtında yerləşən Sport Kompleks Unusadabda konsertini keçirəcəkləri barədə müqavilə bağlasalar da, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxlayan zərərçəkmişlərə isə bildirilib ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib. "CAS GROUP", 2023-cü ilin sentyabr ayının 7-də Skriptonit adlı Qazaxıstan sənətçisinin Bakıda konsertini təşkil etmək adı ilə fiziki şəxslərdən pul alsa da, bu konserti də təşkil etməyiblər. Nəhayət, 2023-cü ilin dekabr ayında dağistanlı sənətçi Miyaginin konserti adı altında aldıqları pulu da konsert keçirmədən mənimsəyiblər. Zərərçəkmişlər bildirib ki, F. İmanzadə onları təşkil edəcəyi konsertlərin risksiz olduğuna, gəlir gətirdiyinə inandırıb. Onlarla buna dair müqavilə bağladığından, hətta gecikmələr olarsa o xərcləri də ödəmiş olacaq dediyindən, onun şirin vədlərinə inanmışlar. Bir ildən artıqdır ki, F. İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə isə Amil Hacıyevin məsul olduğunu söyləyir. Zərərçəkmişlər F. İmanzadənin onları aldadığından şübhələndikdən sonra onunla və Amil Hacıyevlə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Amma polis ortada müqavilə olduğundan onların bu əməlini dələduzluq kimi qiymətləndirməyib. Zərərçəkmişlər məhkəməyə müraciət etməli olduqlarını bildirdilər. "Bunlar əvvəlcədən bizi aldatmaq məqsədilə, bizimlə müqavilə bağlayıb ki, iş məhkəmədə uzansın, onlar vaxt qazansın və beləliklə, özlərinə rahatlıqla digər qurbanlar tapa bilsinlər", deyə zərərçəkmişlər bildirib. Zərərçəkmişlər onu da əlavə ediblər ki, Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsələr də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşkil etməkdə davam edirlər. Hətta F. İmanzadə may ayının 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşım edir. Onların bu qanuna zidd əmələrinin qarşısı alınmasa, qurbanların sayı daha da artacaq!
ÖNCEKİ HABER

"Şəhid ailəsindən aylıq 500 manat rüşvət tələb olunur"

SONRAKİ HABER

"Tibbi ekspertiza qalmaqalı: Cavid Cahangirli məsələsi"