Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsində təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircalal Kazimi və Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova ifadə veriblər.
Şahid Xuraman Cəfərova bildirib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzində aparıcı mütəxəssis vəzifəsində çalışır. O, 2012-ci ildən 2022-ci ilədək Talassemiya Mərkəzində çalışıb və qısa müddət ərzində mərkəzdə baş həkim vəzifəsini icra edib. Xuraman Cəfərova qeyd edib ki, 2022-ci ilin aprel ayından Aynur Bayramova ilə kuryer kimi tanış olub. Baş həkim təyin olunduqdan sonra bir nəfər zərərçəkəndən, Aynur xanımın onlardan pul aldığını eşitdiyini və bu məsələni rəhbərliyə danışdığını vurğulayıb.
Xuraman Cəfərova, Talassemiya Mərkəzinin baş həkimi təyin olunduqdan sonra bu məsələnin üstünün açıldığını bildirib. O, deyib ki, Türkiyədən "Medical Park" xəstəxanasının uzman həkimi mərkəzə gəlirdi və Aynur Bayramova həmin həkimin yanında qeydiyyatçı kimi iştirak edirdi.
Məhkəmə tərkibinin üzvü Səlahe Həsənova, Xuraman Cəfərovanın Aynur Bayramovanın kuryer olduğu dönəmdə Talassemiya Mərkəzində necə sərbəst hərəkət etdiyini soruşub. Xuraman Cəfərova cavabında, baş həkim təyin olunduqdan sonra belə hallara rast gəlmədiyini bildirib.
Təqsirləndirilən Aynur Bayramova Xuraman Cəfərovaya Talassemiya Mərkəzində ona otaq verilib-verilməməsi ilə bağlı sual verib. Şahid isə bildirib ki, o, Talassemiya Mərkəzində ona otaq verməyib.
Daha sonra prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircalal Kazimi ifadə verib. O, Aysel Məmmədovanı və Nuridə Seyidovanı tanıdığını bildirib. Mircalal Kazimi qeyd edib ki, orqan transplantasiyası artıq İcbari Tibbi Sığorta hesabına ödənilir, amma əvvəllər xəstələr öz hesabına etdirmək məcburiyyətində idi. O, bildirib ki, həmin dövrdə Nuridə Seyidova xəstələrə yardım edirdi, lakin beş xəstənin əməliyyatının pulu ödənilməmiş qalmışdı.
Prosesdə Mircalal Kazimi ilə Aysel Məmmədova arasındakı telefon danışığı dinlənilib. Aysel Məmmədova həkimə danışdığı zaman, Mircalal Kazimi polisin ondan izahat götürdüyünü bildirib.
Şahidin sözlərinə görə, Aysel Məmmədova ilə telefon danışığı zamanı yalnız xəstələrlə bağlı narahatlığını bildirib.
Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması ilə bağlı vəsatət veriblər, lakin məhkəmə vəsatəti rədd edib. Hakim Azad Məcidov qeyd edib ki, bəzən şahidlər məhkəməyə gəlmirlər və onların məcburi gətirilməsi qərarı çıxa bilər.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Cinayət işi başlanılıb və müəyyən edilib ki, Nuridə Seyidova, Aysel Məmmədova və Aynur Bayramova birlikdə 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək, onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatını mənimsəyiblər. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
```