Azərbaycan və Çin Arasındakı Münasibətlər: Təhsilin İnkişafı
Azərbaycan və Çin arasındakı münasibətlər tarixi dostluq və qarşılıqlı hörmətə əsaslanır. Hər iki ölkə öz milli maraqlarını müdafiə etmək və dünya iqtisadiyyatında daha fəal mövqeyə sahib olmaq məqsədilə sıx əməkdaşlıq edirlər. Son dövrlərdə, xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən, bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub.
Azərbaycan-Çin tərəfdaşlığının əsasında dövlət başçılarının dostluq münasibətləri, bir-birilərinə olan etimad, qarşılıqlı səfərlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri, iki ölkə arasında inteqrasiyanın daha da güclənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək, uzunmüddətli perspektivlər yaradır.
Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa dair çoxsaylı razılaşmalar mövcuddur. Pekində olarkən Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Azərbaycan və Çin arasındakı münasibətlərin yüksəldiyi bu müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.
Müsahibədə, iki dost dövlət arasındakı münasibətlərin bir çox istiqamətinə toxunan dövlət başçısı bildirir ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm.” Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bu Bəyannamədə, Azərbaycanın və Çin ümumi vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsinə dair saziş də öz əksini tapıb.
Ölkələr arasındakı siyasi əlaqələrə toxunan dövlət başçısı bildirib ki, “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyirik.” Azərbaycanın Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələrdən biri olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, “Bəyannamənin digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsdür.”
Müsahibədə həm də təhsil sahəsindəki əlaqələrə toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev onların sayının artacağına əminliyini bildirib. O, qeyd edib ki, “Azərbaycandan daha çox sayda tələbənin bura gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar.” Hal-hazırda bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur.
Çin kimi qüdrətli dövlətlə əməkdaşlıq etmək, müxtəlif sahələrdə yaxın münasibətlər qurmaq, bir çox ölkələrin hələ də reallaşmayan arzularındandır. Lakin Azərbaycanın və Çin arasında inkişaf fəlsəfəsindəki oxşarlıqlar, hər iki ölkə liderinin etibarlı tərəfdaş olması, qlobal çağırışlara və beynəlxalq hüquqa həssas yanaşması, Azərbaycanın Çin üçün, Çinin də Azərbaycana əhəmiyyətli olmasını təmin edir.
AĞARİHİM BAXIŞOV - Dövlət İdarəçilik Akademiyası