Bir müddət əvvəl tapançalı fotosu ilə diqqət mərkəzinə gələn Kəmalə Sixlinskayanın direktoru olduğu 249 nömrəli məktəbdə biçaqlı manyakın peyda olduğu bildirilib. Bu barədə Bakupost.az saytında məlumat yayılıb.
Məktəb müəllimlərindən birinin sosial şəbəkədəki yazısında, 5 "C" sinfindən 5-ə yaxın şagirdin adını çəkərək onların maskalı manyakı gördüyünü etiraf etdiyi qeyd edilir. Müəllim, hadisənin araşdırılması lazım olduğunu bildirir.
Hadisədən sonra valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək direktordan bu məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər. Lakin "tapançalı direktor" yalnız tədbir görməklə kifayətlənməyib, eyni zamanda hadisəni ört-basdır etməyə çalışıb və valideynlərə hədələməkdən də çəkinməyib.
Məsələ ilə bağlı 249 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, aprelin 24-də 249 nömrəli tam orta məktəbə naməlum şəxsin daxil olması barədə yayılan məlumat əsassızdır. Eyni zamanda, bu hadisə ilə bağlı şagirdlər və onların valideynləri ilə görüş keçirilərək maarifləndirici söhbətlər aparılıb.
Şagirdlər arasında yayılan əsassız məlumatların uyğun olmayan formada müzakirə edilməsi və valideynlər arasında narahatlığın artmasına səbəb olması ilə bağlı müəllimlərlə də söhbət aparılıb. Müəllimlərə “Təhsilalanların etik davranış qaydaları”na riayət etmədiklərinə görə Azərbaycan Respublikası İş Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.
Lakin bu açıqlamadan sonra yenə də bir sual açıq qalır: Valideynlər, övladlarının təhlükəsizliyi ilə bağlı narahatdırlar, həmçinin məktəbin müəllimi doğrudan da belə ciddi bir mövzuda yalan məlumat yayıb, ya da tez-tez sensasiyalara imza atan məktəb direktoru bu məsələnin ört-basdır edilməsinə çalışır?
Hər halda, valideynlər narahatdırlar. Məsələnin dəqiq araşdırılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə və ictimaiyyətə daha detallı məlumat verilməsinə ehtiyac vardır.
Bakupost.az