Dövl?t İmtahan Mərkəzi (DIM) rezidenturaya qəbulla bağlı 4 may 2025-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib. İmtahanda iştirak nəzərdə tutulan 1448 namizaddan 34 nəfəri imtahana gəlməyib. 387 namizəd birinci mərhələ müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 193 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "müqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qabul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar. Mayın 4-də keçirilən imtahanda 72 nəfər bu ilin, 122 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 194 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "müqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbulu üçün qeydiyyatdan keçən 654 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədler Apellyasiya komissiyasına 6 may saat 10:00-dan 7 may saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd 1: Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının təkrar imtahanının (2-ci cəhd) iyunun 29-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 4–12 iyun 2025-ci il tarixlərində DIM-in saytında internet vasitəsilə aparılacaq.
Qeyd 2: Ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. Ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "müqbul" nəticə əldə edən və rezidenturaya qəbulu olan namizədlər buraxılır.
Hər bir namizəd DIM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, eyni zamanda, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.