Mingəçevir Sakinindən Şikayət Mektubu
Mingəçevir sakini Cüfrov Mübariz Furman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına bir şikayət məktubu daxil olmuşdur. Şikayətçi bildirir ki, ədliyyə Nazirliyi tərəfindən haqsızlığa məruz qalır.
“Mən, Cüfrov Mübariz Furman oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bildirim ki, 2013 və ya 2014-cü ildə Ucar rayon Ülükənd kənd sakini, qayınım Zamanov Söhrət Miri oğlu Mingəçevir şəhərində fəaliyyət göstərən “Unibank”dan 2000 dollar məbləğində kredit götürmüşdür. Qayınım olduğu üçün ona zamin durmuşam. 2015-ci ildən devalvasiya ilə əlaqədar pulu vaxtında tam ödəmişdir.
07.11.2016-cı il tarixdə pul ödənilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1472 nömrəli 07.11.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar verilmişdir. Lakin bank bizə məlum olmayan əsaslarla Zamanov Söhrət Miri oğlunu yenidən "borclu şəxs" kimi göstərmişdir. Məhkəməyə də Zamanov Söhrət Miri oğluna 812.5 dollar və 20 manat xidmət haqqı ödənilməsi barədə xəbərdarlıq göndərmişdir. İldə olan qərarı göstərdikdən sonra bir müddət durğunluq olmuşdur.
19.02.2025-ci ildən Mingəçevir şəhər probasiya xidmətindən mənə xəbərdarlıq göndərildi ki, Zamanov Söhrət Miri oğlunun borcunu sən ödəməlisən, əks tədirdə əmlakın müsadirə olunacaq, ölkədən kənara çıxa bilməyəcəksiniz. Ucar Rayon Məhkəməsinin xitam verilmiş qərarını probasiya xidmətinə göstərdim. Mingəçevir probasiya xidmətində Ruqiyyə Sərifova mənə bildirdi ki, bu qərar bu borca aid deyil. Bankla əlaqə saxladı, Ramin adlı şəxs bildirdi ki, Zamanov Söhrət Miri oğlunun 255 dollar, yəni 341 manat borcu qalıb. Probasiya xidməti isə onlara əlavə olaraq 96 manat pul keçirəcəyimizi bildirdi.
Mən Ruqiyyə Sərifovaya öz etirazımı bildirdim. Nəticədə 431 manata qarşı 96 manat tələbi etdiyini soruşdum. O isə bildirdi ki, məhkəmə 812,5 dollara qərar verib, biz onu əsas götürürük.
Beləliklə, avtomatıma stop qoydular. Ödəyin tam bitəndən sonra avtomobili götürə biləcəyimi dedilər. Məhkəmənin qərarı olduğu halda 532 manat pul ödədim. İcra məmuru 98 manat pulu isə icra xidmətinə çıxardı. Ruqiyyə Sərifova məhkəmənin qərarını saymadı.
Qeyd edim ki, iki övladım 44 günlük Qarabağ müharibəsinin iştirakçısıdır. Cənab prezidentimiz, Ali baş komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. Böyük oğlumun 3 medalı, kiçik oğlumun isə 2 medalı var.
Devalvasiya ilə bağlı Prezident o vaxt qərar vermişdi ki, vətəndaşların ödədiyi artıq pullar geri qaytarılsın. Heç onu da bizə qaytarmadılar. İndi də borclu şəxs qalıb bir qıraqda, zamin duran adamı sıxışdırırlar. Pul götürən şəxs də arxayın oturub evində ki, onunla bağlı məhkəmənin qərarı var. Arada qalan, əmlakına stop qoyulan isə mənimdir.
Bu qədər də olmaz axı! Hazırda mən ölkəni tərk edə bilmirəm, əmlakıma stop qoyublar. Xahiş edirəm, səlahiyyətli qurumlar bununla bağlı tədbir görsünlər.”