"Qarabağ Universiteti: Konstitusiya və Suverenlik"

Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib

Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib. Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınmış, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında və konstitusional quruluşun bərqərar olunmasında müstəsna xidmətləri haqqında slaydlarla təqdimat nümayiş olunub.

Azərbaycanda konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycanı rəhbərlik etdiyi illərdə xalqın milli sərvətinin, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrin, mənəvi sərvətlərin bərpası və iqtisadi, mədəni yüksəliş dövrü kimi xarakterizə edilib.

Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkə müstəqilliyini itirmək təhlükəsindən xilas olub, qüdrətli dövlət quruculuğu və sürətli inkişafa qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlardan birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir və Azərbaycanın ərazisinin bölünməzliyini bir daha bəyan edir.

Görüşdə qeyd edilib ki, ötən dövrdə cənab Prezident mühtərəm İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı islahatlar layiqincə davam etdirilir. Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar və misilsiz qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının tamamilə cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurgulanıb. Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclisdə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 20 sentyabr 2024-cü il tarixində baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda "Konstitusiya və Suverenlik İli"ndə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yadda qalan hadisədir.

Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar. Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələr Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış zəfərə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.

ÖNCEKİ HABER

"Təbiət sərvətləri üzrə arbitraj simulyasiyası"

SONRAKİ HABER

"Rəcəb Tayyib Erdoğan Laçin Hava Limanını açacaq"