Azərbaycanın Naxçıvan regionunda qida təhlükəsizliyi məsələləri ilə bağlı ciddi problemlər yaşanmaqdadır. İddialara görə, agentlik, qida standartlarına cavab verməyən obyektləri bağlamaq yerinə, rüşvət müqabilində onların fəaliyyətlərinə “yaşıl işıq” yandırır. Bu haqda “Gündəlik Naxçivan” qəzetinə bir qrup sahibkar məlumat verib. Sahibkarlar bildirir ki, “Kassap Döner” kafesində üç həftə ərzində iki kütləvi zəhərlənmə hadisəsi baş vermişdir. Agentlik əməkdaşları isə ilk kütləvi zəhərlənmədən sonra heç bir tədbir görmədiyi üçün onun ardınca ikinci zəhərlənmə də meydana gəlib.
Sahibkarların sözlərinə görə, onlar qanunlara riayət etdikləri üçün agentliyin əməkdaşlarına rüşvət verməkdən imtina ediblər. Bu səbəbdən də onların obyektləri bağlanıb. Lakin təhlükəli qidalar satan digər sahibkarlar rüşvət verdikləri üçün göz yumulur. Onlar bildirirlər ki, agentlik üçün fərq etmir: “Pulunu ver, işinə davam et. Standart tələbləri yalnız rüşvət istəmək üçün bəhanədir.” “Kassap Döner” əvvəldən standartlara riayət etmirdi, lakin rüşvət alıb göz yumulmuşdur. Birinci zəhərlənmə hadisəsindən sonra da agentlik ikiqat rüşvət alaraq bu obyektə göz yummuşdur. Nəticədə 18 nəfərin zəhərlənməsinə səbəb olan ikinci hal baş vermişdir.
Agentliyin əsas vəzifəsi qida təhlükəsizliyini nəzarətdə saxlamaqdır. Lakin, onların fəaliyyətlərinin yalnız rüşvət toplamaqla məşğul olması iddialar arasında yer alır. Sahibkarlar şikayət etmək istədiklərində bunun mümkün olmadığını və şikayətlərin baxılmadığını bildirirlər. Naxçıvanda iaşə obyektləri, şadlıq sarayı, qəsəbaxana yoxdur ki, oradan rüşvət almasınlar. Bəzilərindən aylıq rüşvət alınır, bəzilərinə isə istədikləri vaxt girərək tələb etdikləri məbləği alırlar. Qəsəbaxanalarda satılan ətlərin heç biri yoxlanmadan laboratoriyaya göndərilmir. Satılan toyuq məhsulları da, ərzaq məhsulları da eyni vəziyyətdədir. Rüşvət alıb təsdiq edilir.
Şikayətçilər bildirirlər ki, rüşvət problemini ictimailəşdirən sahibkarlar bir neçə fərqli şəkildə cəzalandırılır. “Ən çox məhkəməyə verilir. Son zamanlar rüşvət almasını ictimailəşdirən bir çox sahibkar məhkəməyə cəlb edilib, təhdid olunaraq geri çəkilməyə məcbur ediliblər. İndi kimsə küllü miqdarda cərimələnmək, məhkəməyə düşmək istəmir. Çünki məhkəmələr də haqlı-haqsız onların sözünü deyirlər. Bir sözlə, Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi (QTA) vicdanlı işləyən sahibkarların qorxulu röyasına çevrildi.”
Bütün bu məsələlər, Naxçıvanın qida təhlükəsizliyi sistemi ilə bağlı ciddi narahatlıqlara səbəb olmaqla yanaşı, cəmiyyətin sağlamlığını da təhdid edir. Rüşvət almaq və vermək mədəniyyəti qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə və təhlükəsizliyinin pozulmasına yol açır. Bu isə uzun müddət ərzində ciddi sosial və sağlamlıq problemlərinə səbəb ola bilər.