"Multikulturalizm Və Yardım: Magen David Azərbaycan"

Azərbaycanda multikultural dəyərlərə əsaslanan cəmiyyət modeli təkcə dövlət siyasətində deyil, vətəndaş cəmiyyəti institutlarında da öz təcəssümünü tapır

Azərbaycanda multikultural dəyərlərə əsaslanan cəmiyyət modeli təkcə dövlət siyasətində deyil, vətəndaş cəmiyyəti institutlarında da öz təcəssümünü tapır. Bu institutlardan biri "Magen David Azərbaycan" adli hüquqi və xeyriyyə təşkilatıdır. Təşkilatın rəhbəri, hüquq müdafiəçisi və diaspor nümayəndəsi Davud Silvestrov "Baku TV"-nin "Po dusam" proqramında jurnalist Fariz Asurovla olan söhbətində təşkilatın fəaliyyəti, məqsədləri və cəmiyyətə verdiyi töhfələr barədə danışıb.

Təşkilat 2021-ci ilin 16 avqustunda millət vəkili Anatoliy Xaimoviç Rafailovun təşəbbüsü ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi Dağ Yəhudiləri və ümumilikdə Azərbaycan yəhudilərinə hüquqi yardım göstərməkdir. Bununla yanaşı, bu gün təşkilat fəaliyyətini daha geniş auditoriyaya yönəldərək müxtəlif etnik və dini qruplardan olan insanlara xidmət edir. Davud Silvestrovun sözlərinə görə, hüquqi yardımlar yalnız yəhudilərlə məhdudlaşmır: "Biz hüquqi yardımı yalnız yəhudilərə yox, azərbaycanlılara, ləzgilərə, tatlara, avarlara - bir sözlə, ehtiyacı olan istənilən vətəndaşa göstəririk."

"Magen David Azərbaycan" təkcə hüquqi deyil, həm də xeyriyyə fəaliyyəti ilə seçilir. Xüsusilə şəhid ailələrinə yönəlik dəstək təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Davud Silvestrov bu barədə danışarkən bildirir: "Vətən müharibəsində qazandığımız Zəfəri şəhidlərimizin qanı bahasına əldə etdik. Onların ailələrinə yardım etmək bizim mənəvi borcumuzdur."

Təşkilat eyni zamanda sosial rifah və psixoloji dəstək sahəsində də əməkdaşlıqlar qurub. Onlardan biri Autizm Mərkəzinin rəhbəri Təranə Pasayeva ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu əməkdaşlıq nəticəsində şəhid ailələrinin övladlarına pulsuz psixoloji xidmətlər göstərilir.

Qadınların da bu işə fəal cəlb olunması məqsədilə "Magendav International Center" adli qadın platforması yaradılıb. Burada müxtəlif sahələrdə çalışan, lakin eyni dəyərləri bölüşən qadınlar bir araya gəlir. Silvestrov bu barədə belə deyir: "Bura sadəcə platforma deyil, bu, xoş niyyətli insanların birliyidir. Bura vəzifəyə görə yox, ürəyə görə daxil olurlar."

Təşkilatın könüllüləri müxtəlif sahələrdə ehtiyacı olan ailələrə yardım göstərir, ev təmirindən tutmuş ərzaq paylanmasına qədər geniş xidmətlər həyata keçirilir. Davud Silvestrov qeyd edir ki, yardımlar təkcə maddi deyil, həm də mənəvi dəstək xarakteri daşıyır. Onların məqsədi insanlara yalnız kömək etmək yox, eyni zamanda ümid verməkdir.

Təşkilatın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Gürcüstanda yaşayan azərbaycanlılar və yəhudilərlə mədəni, sosial və hüquqi əməkdaşlıq planlaşdırılır. Bu da təşkilatın regional miqyasda fəaliyyətini genişləndirdiyini göstərir.

Maraqlı məqamlardan biri odur ki, "Magen David Azərbaycan" beynəlxalq fondlardan maliyyələşmir. Davud Silvestrovun dediyinə görə, təşkilat yalnız şəxsi vəsaitlər və xeyirxah insanların ianələri hesabına fəaliyyət göstərir: "Yaxşılığı fondlarla deyil, ürəklə etmək olar. Bizim fəaliyyətimiz Rafael Haymovic Rafailov Anatoliy Xaimoviç və onun qardaşlarının dəstəyi ilə mümkündür."

Təşkilat pandemiya dövründə də fəaliyyət olub - öz vəsaiti hesabına təcili tibbi yardım maşınları bağışlayıb və aztəminatlı ailələrə yardım kampaniyaları keçirib. Bu da onların humanitar təşəbbüslərdə nə qədər prinsipial və ardıcıl olduqlarını göstərir.

Təşkilatın yeni media layihəsi olan "Monitorinq TV" isə informasiya siyasətindəki növbəti addım kimi qiymətləndirilir. Bu platforma Qərbi Azərbaycan, multikultural dəyərlər və regional əməkdaşlıq kimi mövzuları əhatə edir. Gələcəkdə kanalın rus, ingilis və ivrit dillərində fəaliyyət göstərməsi planlaşdırılır. Davud Silvestrov bu haqda deyir: "Biz Qərbi Azərbaycana tankla yox, ailə maşınlarımızla qayidacağıq. Biz müharibə istəmirik. Biz tariximizi, kimliyimizi dinc yollarla dünyaya çatdırmaq istəyirik."

Sumgayıt Talibli

ÖNCEKİ HABER

"Biləcəridə qanunsuz tikinti faktı aşkarlandı!"

SONRAKİ HABER

Nəsimi rayonunda qanunsuz tikinti skandalları!