**Xankəndidə ECO Zirvəsi: Regionun Yeni İnteqrasiyası**

 İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ilk dəfə olaraq Azərbaycanın Xankəndi şəhərində keçirildi

İqtisadi əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ilk dəfə olaraq Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu fakt, təkcə diplomatik bir hadisə deyil, həm də geosiyasi bir mesajdır: Qarabağ artıq yalnız bir ərazi deyil, qlobal əməkdaşlığın yeni ünvanıdır.
Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir, postmünaqişə dövrünün strateji mərhələsində suverenlik, iqtisadi inkişaf və diplomatik çeviklik kimi üç əsas sütunu paralel şəkildə önə çıxardı. Tarixi ədalətin bərpasından sonra ilk dəfə beynəlxalq səviyyəli yüksək toplantının Xankəndidə baş tutması, ölkəmizin regionda artan təsirini və müəyyənedici güc statusunu bir daha təsdiqlədi.
Zirvə görüşünün mkan seçimi sıradan bir coğrafi qərar deyildi. Xankəndi - uzun illər işğalın, separatizmin, saxta statuslu siyasi manipulyasiyaların rəmzinə çevrilmiş bu şəhər, indi beynəlxalq diplomatiyanın, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın mühüm ünvanı kimi təqdim olunur. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən “Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu, dəyişməzdir” xəti artıq sadəcə daxili suverenlik bəyanatı deyil, beynəlxalq təşkilatlar səviyyəsində praktikaya çevrilməkdədir.
İkinci Qarabağ müharibəsi Qarabağın hərbi-siyasi reabilitasiyası idisə, 2025-ci il ECO Zirvəsi onun diplomatik və beynəlxalq legitimliyi ilə möhürlənməsi oldu. Xankəndidə imzalanan sənədlər, deyilən nitqlər, aparılan müzakirələr təkcə iqtisadi məsələlər ətrafında qurulmurdu – burada regionun siyasi konfiqurasiyası da cizilirdi.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionu son onilliklərdə qlobal siyasətdə həm tranzit marşrut, həm enerji resursları bazası, həm də iqtisadi transformasiya platforması kimi çıxış edir. ECO-nun üzv dövlətlərinin - Türkiyə, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Əfqanıstan liderlərinin iştirakı isə təşkilatın sabitlik və qarşılıqlı etimad müstəqil mövqeyini daha da gücləndirdi.
Bu zirvədə infrastruktur layihələri, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat kimi mövzular ön plana çıxdı. Azərbaycan bu sahələrdə həm təcrübə, həm iradə, həm də təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr üzv dövlətlər üçün yalnız ticarət yolu deyil, həm də strateji təhlükəsizlik təminatıdır.
Zirvə çərçivəsində keçirilən Gənclər Forumu, Qadın Liderlər Platforması, Biznes Konfransı və İqlim Dəyişikliyi paneli bir daha sübuta yetirdi ki, Azərbaycan yalnız minaları təmizləmir, həm də minaları formalşdırır. Xankəndinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, burada yeni müasir infrastrukturun qurulması, nəqliyyat və informasiya şəbəkələrinin bərpası – Azərbaycanın “postmünaqişə dövrü” siyasətinin nə qədər sistemli və ardıcıl olduğunu göstərir. Əgər keçmişdə bu şəhərdə separatizm baş qaldırmışdisa, bu gün orada dövlətçilik, regional əməkdaşlıq və iqtisadi sabitlik bayrağı dalğalanır. Bu, Azərbaycanın sülh təşəbbüslərinin yalnız kağızda deyil, konkret addımlarla reallaşdırıldığını sübut edir.
Xankəndidə keçirilmiş ECO Zirvə görüşü regional inteqrasiyanın yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi. Bu tədbir sübut etdi ki, Azərbaycan həm liderlik, həm təhlükəsizlik, həm də əməkdaşlıq platforması kimi qəbul edilir. Zirvə görüşü beynəlxalq ictimaiyyətə bir daha xatırlatdı: Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də həmin torpaqlara həyat, diplomatiya və inkişaf gətirdi. Xankəndidə birləşən ECO ölkələri, iştirakçıları, təkcə bəyanatları imza atmadı - onlar gələcək üçün ortaq iradə, güclü regional nizam və sabit inkişaf doktrinasına səs verdilər.
Metin Hüseynov - siyasi şərhçi, politoloq
ÖNCEKİ HABER

"1001 Sevinc: iPhone 16 Pro Max Qazanın!"

SONRAKİ HABER

"Xankəndidə ECO Zirvə Görüşü: Tarixdə Yeni Səhifə"