İlham Əliyev Kəlbəcərdə tarixi açılışlar etdi

 2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər

2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Bu səfər, Kəlbəcərin azad edilməsindən sonra Prezident İlham Əliyevin bölgəyə etdiyi 7-ci səfərdir. Avqustun 21-dəki sonuncu səfər zamanı ölkə başçısı Kəlbəcərdəki Vəng kəndində "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak edib. Həmçinin, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin və Kəlbəcər şəhər parkının təməlini qoyma mərasimlərində də yer alıb.
Bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı çıxış edərək, "Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyətinizdə tarixi bir gündür. Doğma Vətəniniz, doğma şəhəriniz 32 ildən sonra qayidirsiniz və bu münasibətlə sizi ürəkdən təbrik edirəm," deyib. Bu sözləri ilə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına dönüşünü yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toganalı-Kəlbəcər-Istisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısı bu yolun 13.5-ci kilometrliyində inşa edilmiş Murovdağ tunelinin texniki açılışını edib. Qeyd edək ki, Prezidentin həyata keçirdiyi infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toganalı-Kəlbəcər-Istisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toganalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-Istisu hissəsi təşkil edir. Avtomobil yolunun Murovdağ silsiləsindən keçməsi, həmçinin bu yolun təhlükəsizliyini artırma məqsədini güdür.
Prezident İlham Əliyev Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində vacib mesajlar da verib. O, münaqişə dövründə Ermənistanın torpaq qaytarmaq niyyəti olmadığını, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə münaqişəni dondurmaq məqsədini güddüyünü vurğulayıb. Cənab Prezident, münaqişənin sülh yolu ilə həll olunmadığını, bunun səbəbinin isə Minsk Qrupunun qeyri-qətiyyətsiz mövqeyi olduğunu bildirmişdir.
Eləcə də, Prezident İlham Əliyev, "Azərbaycan öz gücü hesabına öz ərazi bütövlüyünü bərpa edib," deyə qeyd edib. Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsi sonrası böyük uğurunu təşkil edir. Azərbaycan regionda ədaləti təmin edib, separatizmin kökünü kəsib.
Prezident, həmçinin, Naxçıvanla quru əlaqəsinin təmin olunmasına da diqqət çəkib. Ermənistanın bu öhdəliyi üzərinə götürdüyünü və bu durumun Azərbaycan üçün növbəti tarixi uğur olduğunu bildirən İlham Əliyev, dünya birliyinin yeni reallıqları tam qəbul etdiyini vurğulayıb.
Prezident İlham Əliyevin Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər, Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını bir daha göstərir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.
Dövlət başçısının isğaldan azad edilən bölgələrə səfərlərinin hər biri, Böyük Qayıdış Proqramının icrasının uğurla başa çatacağına inancları artırır. İqtisadi güclərin artırılması ilə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qaytarılması hədəflənir. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün bir daha göstəricisidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
ÖNCEKİ HABER

Kəlbəcərin yenidən dirçəlişi: Yeni həyat simvolu

SONRAKİ HABER

Qaradagda Süleyman Mikayilovdan sakinlərə dəstək