Az?rbaycanda son illərdə estetik əməliyyatlara maraq əhəmiyyətli dərəcədə artıb. İnsanlar, xarici görünüşünü dəyişmək, qüsurları aradan qaldırmaq və ya gəncləşmək məqsədilə bu əməliyyatlara müraciət etməyə başlayıblar. Lakin, bu əməliyyatların sayının artması ilə paralel olaraq fəsadlarla nəticələnən halların da sayında artış müşahidə edilir. Bəzi hallarda vətəndaşlar qeyri-peşəkar şəxslərin əlinə düşür, bəzi isə lisenziyasız klinikalarda əməliyyatlara razılıq verirlər. Bu isə həm sağlamlıq, həm də həyat üçün ciddi təhlükələr yarada bilər.
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən vəkil Ramil Vəliyev bildirib ki, həkim və ya klinikanın səlahiyyəti, yaxud qanunsuz fəaliyyəti nəticəsində xəstənin ölümü və ya sağlamlığına ağır zərər vurularsa, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Qanunvericilik belə hallarda cəza tədbirlərini nəzərdə tutur, o cümlədən tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə və ya azadlıqdan məhrum etmə kimi cəzalar.
Əgər əməliyyat qəsdən və ya tamamilə qeyri-qanuni formada – məsələn, ixtisasız həkim və ya lisenziyasız klinika tərəfindən aparılıbsa, məsuliyyət daha da ağırlaşır. Estetik əməliyyatlar adi tibbi prosedur deyil və yalnız peşəkar həkimlər tərəfindən aparılmalıdır. Qanunvericiliyə görə, estetik və plastik əməliyyatlarla məşğul olmaq üçün həkim ali tibbi təhsil almalı və cərrah ixtisası üzrə diplomu olmalıdır.
Həkimin "Plastik, rekonstruktiv və estetik cərrahiyyə" üzrə ixtisaslaşması, müvafiq sertifikata sahib olması, həmçinin Səhiyyə Nazirliyi tərəfindən verilən fəaliyyət sertifikatına malik olması vacibdir. Eyni zamanda, əməliyyatların keçirildiyi klinikalar da müəyyən tələblərə cavab verməlidir. Klinikanın tibbi fəaliyyət üzrə rəsmi lisenziyası, sanitar-epidemioloji icazəsi olmalıdır. Əməliyyatxana yalnız cərrahi fəaliyyət üçün uyğunlaşdırılmalı və müasir tibbi avadanlıqlarla təchiz edilməlidir. T təhlükəsizlik baxımından əməliyyatxana reanimasiya və təcili tibbi yardım avadanlığı ilə təmin olunmalıdır.
Mütəxəssislər bildirirlər ki, hər bir şəxs estetik əməliyyat barəsində qərar verərkən diqqətli olmalı, həkim və klinikanın ixtisası və icazələrini yoxlamalıdır. Reklamlara aldanmaq və ucuz qiymətə razılıq vermək gələcəkdə həm maddi, həm də sağlamlıq baxımından daha böyük problemlərə yol aça bilər. Çünki uğursuz əməliyyatların fəsadlarını aradan qaldırmaq daha çətin və baha başa gəlir, bəzi hallarda isə insan həyatını itirə bilər.