Az?rbaycan Respublikasinin xarici işlər naziri Ceyhun Bayramov, Misir Ərəb Respublikasinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezani ilə görüşüb. Bu məlumat XİN-in Mətbuat xidməti tərəfindən yayılıb. Səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov, səfiri təyinatı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı, Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də regional və beynəlxalq vəziyyət müzakirə edilib.
İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasındakı dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası komisiyanın fəaliyyətinin, eləcə də siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam əməkdaşlıq Təşkilatı və Qosulmama Hərəkəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi və sədrlik dövründə ölkələrimiz arasında əməkdaşlığın məmnunluqla xatırlandığı vurğulanıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumatlandırıb.
Tərəflər, həmçinin Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparıblar. Səfir, Misirin Azərbaycandakı səfiri olaraq fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edərək, fəaliyyət dövründə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.