Mingçevir Dövlət Universitetinin (MDU) müəllim və texniki işçi heyəti, rəhbərlikdən ciddi narazılıqlarını davam etdirir. İddialara görə, rektor Anar Eminovun təyin olunmasından sonra universitetdə tədrisdən kənar məsələlər daha çox diqqət mərkəzinə gətirilir və bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Kollektivin iddialarına əsasən, rektor özünə yaxın şəxsləri işə götürüb, bir sıra əməkdaşları isə vəzifələrindən azad edib. Etiraz edənlər bildirirlər ki, rektor irad bildirənlərə "Mən Cənab Prezidentin imzası ilə təyin olunmuşam, məni heç kim heç nə edə bilməz" deyə cavab verir.
Müəllim və texniki işçilərin sözlərinə görə, Anar Eminov universiteti şəxsi obyekt kimi idarə edir. Xüsusilə, xosuna gəlməyən əməkdaşları hüquq-mühafizə orqanları ilə hədələdiyi iddia olunur. Hətta universitetin girişindəki mühafizçilərə göstəriş verildiyi, narazı işçilərin binaya buraxılmaması və universitetin yaxınlığına gəlmələrinin əngəlləndiyi bildirilir.
Kollektiv, həmçinin rektorun təyin edilməsindən qısa müddət keçməsinə baxmayaraq, universitetin inkişafı üçün ayrılan milyonlarla vəsaitin aqibətinin qeyri-müəyyən olduğunu qeyd edir. Bu səbəbdən narazılıqlar pik həddə çatıb və yaxın günlərdə kollektivin ölkə başçısına müraciət edəcəyi gözlənilir.
Hal-hazırda göstərilən iddialarla bağlı araşdırmaların davam etdiyi vurğulanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.