Binəqədi Rayon Məhkəməsində Məhəmməd Mirzəli ilə bağlı hökm çıxarıldı
Binəqədi Rayon Məhkəməsində Fransada yaşayan azərbaycanlı Məhəmməd Mirzəlini barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Arazmedia.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Vüsal Tagiyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Mirzəli 6 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Məhəmməd Mirzəli Cinayət Məcəlləsinin 220.2-ci (zorlamaqlara, talanlara, yanğınlara görə cəzalandırılan cinayət tərkibi) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, M.Mirzəli ümumvətəndaş pasportundan istifadə etməklə 17 fevral 2016-cı il tarixində saat 05:06-da "Sixlı" sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycandan çıxıb. Daha sonra müvəqqəti məskunlaşdığı Fransa Respublikası və digər xarici dövlətlərin ərazisində internet sosial şəbəkələrinin kənar şəxsləri ilə sərbəst şəkildə tanış ola bildiyi "YouTube" internet kanalındakı profilində 2018-ci ilin fevral ayının 6, 12, mart ayının 17, 20, 21, may ayının 24 və 25-i tarixlərində Azərbaycan dilində yerləşdirdiyi videolarda dövlət əleyhinə çağırışlar səsləndirib.
Daha sonra o, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağı və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməməyi, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycanın Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş açıq çağırışlar edib.
Bu ilin mart ayında Azərbaycanın Baş Prokurorluğu Məhəmməd Fazil oğlu Mirzəli ilə bağlı qiyabi icraat üzrə istintaq başlayıb. Ona Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. Lakin o, istintaqın qanuni çağırışlarına gəlməyib və buna görə qiyabi icraat üzrə araşdırma davam etdirilib.
Mənbə: Məhkəmə Məhəmməd Mirzəliyə 6 il 6 ay qiyabi həbs cəzası verdi