Bu gün, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının və döyüş aktivliyinin qarşısını almaq məqsədilə başlandıqları Vətən müharibəsində canlarından keçən qəhəraman şəhidlərimizin Anim Günüdür.
Arazmedia.az-ın məlumatına görə, artıq beşinci ildir sentyabrın 27-si Azərbaycanda Anim Günü kimi qeyd olunur. Bu gün ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, həmçinin ölkəmizin xaricində anim mərasimləri keçiriləcək. Ötən illərdə olduğu kimi, bu il də Anim Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq. Azərbaycanının ərazi bütövlüyü uğurunda canlarından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz dərin ehtiramla hər il sentyabrın 27-si Azərbaycanda Anim Günü kimi qeyd edilir.
2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəsadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamışdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2,908 şəhidinin qanı bahasına nail olunmuşdur.
2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilməsi və Azərbaycanın ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam sıxıldırılaraq ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəsinə yüksəldi.
Bununla da Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər Ermənistanın işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, həmçinin insanların öz yurdlarına qayıdışı təmin edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mənbə: Azərbaycanda Anim Günüdür