Noyabrın 12-si, Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Bu tarix, ölkənin müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyanın qəbul olunduğu bir günü qeyd edir.
Arazmedia.az xəbər verir ki, Azərbaycanın Konstitusiyası 28 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən sonra ortaya çıxan ilk Konstitusiyadır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetləri Qurultayında qəbul edilmişdir. Daha sonra, 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetləri Qurultayında Azərbaycan SSR Konstitusiyasının SSRI Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası qəbul olunmuşdur. Həmçinin, 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-nin son Konstitusiyası da SSRİ Konstitusiyasına uyğun idi, lakin müəyyən özünəməxsusluğa malik idi.
Müstəqilliyini bərpa etdikdən sonra, yeni Konstitusiya layihəsi üzərində ciddi işlər başlanmışdır. 1994-cü ildən Prezident Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlamışdır. Layihə 1995-ci ildə ümumxalq müzakirəsinə təqdim olundu. Nəticədə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumuyla Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul olundu. Bu Konstitusiya beş bölmədən, on iki fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində referendum yolu ilə əlavələr və dəyişikliklər edilmişdir.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Bu il artıq üçüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilmiş Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilmişdir.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatların müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilmiş genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması və onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə dinc əhalinin qayıdışı, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır.
Döyüş əməliyyatları 23 saatdan bir qədər çox davam etmişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atış nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Düşmən ağ bayraq qaldıraraq təslim olmuşdur. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.