21 noyabr 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov Elet qəsəbəsində sakinlərlə növbəti səyyar görüşünü keçirib. Görüşdə Elet qəsəbəsinin müxtəlif küçə və məhəllələrində yaşayan sakinlər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Bu görüş sakinlərin qaldırdığı məsələlərin operativ şəkildə müzakirəsi və həlli üçün əlverişli şərait yaradıb.
Səyyar qəbulda ümumilikdə 70-ə yaxın qəsəbə sakini iştirak edib. Onlardan 12 nəfəri fərdi qaydada Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov tərəfindən dinlənilib. Sakinlərin müraciətləri əsasən qəsəbənin kommunal təsərrüfatı, infrastruktur problemləri, məşğulluq və sosial məsələlərlə, həmçinin miqrasiya xarakterli müraciətlərdə olan məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, bəzi müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Qəsəbə sakinləri dövlət başçısının və hökumətin onların rifahına göstərdiyi diqqət və qayğıyı yüksək qiymətləndiriblər. Problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya gündəlik həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlara görə təşəkkürlərini bildiriblər.
Qabuldan sonra icra başçısı qəsəbənin müxtəlif ərazilərinə baxış keçirib, mövcud problemlərin operativ həlli ilə bağlı müvafiq göstərişlər verib. Səyyar qəbul və görüşlərin keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa təmas qurmaq, onların müraciətlərinə çevik reaksiya vermək və yerli idarəçiliyin effektivliyini daha da artırmaqdır.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov tərəfindən mütəmadi olaraq müxtəlif qəsəbə və yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi əhalinin problemlərinin yerində öyrənilməsi, onların həllinə operativ yanaşma və sakinlərlə dövlət qurumları arasında birbaşa ünsiyyətin təmin olunmasıdır.