27.01.2026 tarixində Ələt qəsəbəsində Şəhid Zaur Qurbanovun anım günü tədbiri keçirilmişdir.
Birinci Qarabağ müharibəsində iştirak etmiş və Vətən uğrunda canını fəda etmiş Şəhid Zaur Qurbanovun xatirəsi, Ələt qəsəbəsində 27 yanvar 2026-cı il tarixində anılmışdır. Tədbir, Şəhidin adını daşıyan mədəniyyət evinin ərazisində keçirilmişdir. Uzun illərdən sonra ilk dəfə olaraq bu mədəniyyət evində baş tutan tədbir, qəsəbə sakinlərinin böyük diqqəti və iştirakı ilə yadda qalmışdır.
Tədbirin keçirildiyi ərazinin qəsəbə sakinlərinin maddi, mənəvi və fiziki dəstəyi ilə abadlaşdırıldığı qeyd olunmuşdur. Anım mərasimində qəsəbə sakinləri, ağsaqqallar, şəhid ailələri, 14 saylı Bakı Pedaqoji Məktəbinin kollektivi, müəllimlər və digər qonaqlar iştirak etmişdir. Mərasim, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ələt qəsəbəsindəki məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər və çıxışlar, tədbir iştirakçılarına dərin mənəvi təsir bağışlamışdır. Mərasimin sonunda 45 illik pedaqoji təcrübəyə malik olan müəllim Xanigül Rəhimova və digər müəllim kollektivi çıxış edərək, Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinin hazırkı vəziyyətinə diqqət çəkmişdir. Onlar, mədəniyyət evinin təmiri və abadlaşdırılması üçün ölkə rəhbərliyinə müraciət edərək, sözügedən əraziyə dəstək göstərilməsini xahiş etmişlər.
Xatırlatmaq lazımdır ki, Ələt qəsəbəsində yerləşən və Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evi indiki durumda çox bərbad vəziyyətdədir. Sözügedən ərazi "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Uzun illərdir aidiyyəti quruma edilən müraciətlərə baxmayaraq, bu günədək hər hansı müsbət nəticə əldə olunmamışdır.
Tədbirin əhəmiyyətini artıran digər bir məqam isə, Şəhidlərin xatirəsini yaşatmaq və onların haqqını ödəmək məqsədilə yerli icmanın bir araya gəlməsi, Vətən sevgisinin daha da güclənməsidir. Sakinlərin, məktəblilərin və müxtəlif qonaqların iştirakı, bu cür anım tədbirlərinin əhəmiyyətini təsdiqləyir.
Mənbə: Ələt qəsəbəsində Şəhid Zaur Qurbanovun anım günü tədbiri keçirildi