Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Arazmedia.az xəbər verir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Lakin başlayan müharibə onun təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən etibarən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müdir vəzifələrində çalışıb. 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarına istinad edilib. Bu dövrdə təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışıb. General-mayor rütbəsinə qədər yüksəlmişdir.
Heydər Əliyev 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabr ayında isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilir və SSRİ Nazirlər Sovetinin sədri birinci müavini təyin olunur.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsi olaraq Baş katib Mixail Qorbaçovun siyasətinə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə görə təcili reaksiya verərək, Azərbaycana qayıtmış və 1990-cı ilin iyulunda Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
Heydər Əliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun ayında ölkədəki şəraitin pisləşməsi və vətəndaş müharibəsinin baş verməsi zamanı Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb edib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir və tarixdə ilk dəfə olaraq 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilir.
1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə 76,1 faiz səs toplayaraq yenidən Prezident seçilib. 2003-cü il oktyabrın 15-də prezident seçkilərində iştirak etmədiyi halda, səbəblərindən biri də səhhətində yaranmış problemlərdir.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib və dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. O, bir çox dövlət orden və medallarla, beynəlxalq mükafatlarla təltif edilmiş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncamla ölkədə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası olmuşdur. Ulu Öndərin bu arzusunu onun layiqli davamçısı Prezident İlham Əliyev gerçəkləşdirmişdir. Dövlət başçısı İlham Əliyev 2023-cü il sentyabrın 19-da Azərbaycada yeni qələbənin müjdəsini xalqımıza çatdırmışdır. Dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdəridə və Laçında ucaltmaqla xalqımızın arzularını yerinə yetirmişdir.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir və genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Mənbə: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür