"Antalya Beynəlxalq Seçki Forumu"nda Azərbaycanın seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi müzakirə olunub. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri müxahidçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eyni zamanda cəmiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətlərdən danışıb. O, seçki prosesinin şəffaflığını təmin etmək və ictimaiyyətlə səmərəli kommunikasiyanı inkişaf etdirmək məqsədilə gördükləri işləri vurğulayıb.
M. Pənahov, rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin önəmli olduğunu xüsusi qeyd edib. Bu, müasir dövrdə seçki proseslərinə təsir edən qlobal tendensiyaların analizini və seçki idarəçiliyinin müasirləşdirilməsini tələb edir.
Qeyd edilib ki, Türkiyə Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, eləcə də seçkilərin hazırlanıb keçirilməsində şəffaflığın artırılması kimi məsələlər müzakirəyə çıxarılıb.
Tədbirin gündəliyinə əsasən, M. Pənahov beynəlxalq forumda çıxış edib. Forum çərçivəsində MSK sədri Türkiyəli həmkarı ilə yanaşı, foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı "Antalya Beynəlxalq Seçki Forumu", seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.
Məlumat yenilənir.