"İlham Əliyev: Azərbaycanın Güclü Siyasəti və Qələbə"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibə verib
Azərbaycanda Prezident İlham Əliyevin Müsahibəsi 2025-ci il yanvar ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə jurnalistlərin suallarını cavablandıraraq, Azərbaycanın iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun artması, Azərbaycan-İran münasibətləri və Şərqi Zəngəzurun bərpası kimi məsələlərə toxunub. Ötən 30 il ərzində işğal altında olan torpaqlarını müzəffər ordusunun gücü ilə geri alan Azərbaycan, işğalçıların havadarlarına və bütün dünyaya gücünü, yenilməzliyini göstərib. Cəmi 44 gündə Azərbaycan Ordusu düşməni diz çökdürüb. ATƏT-in Minsk Qrupunun üç həmsədri Ermənistana dəstək verirdi və bu prosesi uzatmağa çalışırdı. Bu səbəbdən, Azərbaycanın işğal olunmuş ərazilərin dialoq yolu ilə qaytarılmasına nail olması mümkün olmurdu. Üçtərəfli bəyanatın bağlanması zamanı, Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu Azərbaycan tərəfindən qaldırılıb. Ermənistan isə, Prezident İlham Əliyevin güclü siyasəti sayəsində bu kəndləri geri qaytarmağa məcbur olub. Cənab Prezident, Qazaxın dörd kəndi ilə bağlı tələbinin Ermənistanın Baş Nazirinin qarşısında bir il əvvəl qaldırıldığını bildirib və bu mövzunun müharibədən sonra gündəlikdə olduğunu vurğulayıb. Cənab Ali Baş Komandan, Ermənistanın silahlanmasının yeni təhlükələr yarada biləcəyi ilə bağlı bir mesaj vermişdir. Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, lakin Ermənistanın buna etiraz etdiyini qeyd edib. Ermənistan bir sıra ölkələrin dəstəyi ilə silahlanır ki, bu da gərginliyə yol açır. Azərbaycan Respublikasının Prezidenti, dövlət büdcəsinin mühüm hissəsinin hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcəyini vurğulayıb. O, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün isə 8,4 milyard manat xərcləndiyini açıqlayıb. Cənab Prezident, müharibə səhifəsinin bağlanmasını arzulasa da, Ermənistanın bunu istəmədiyini söyləyib. O, Ermənistanın dövlət büdcəsinin silahlanmaya xərclənməsinin, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə mane olduğunu vurğulayıb. Müsahibədə qeyd olunub ki, Azərbaycan 30 mindən çox insanı işğaldan azad olunmuş ərazilərə köçürüb və onlar üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin, keçmiş köçkünlərin doğma yerlərinə qayıtması məsələsi prioritetdir. Cənab Əliyev, İran İslam Respublikasının müharibə dövründə Ermənistana dəstək verdiyini, bunun Azərbaycan üçün narahatedici bir hal olduğunu da ifadə edib. Türkiyənin isə, müharibə boyunca Azərbaycanla birlikdə olduğunu qeyd edib. Bundan əlavə, Prezident İlham Əliyev, ABŞ-Azərbaycan münasibətlərindən də danışıb. O, Donald Trampın administrasiyası dövründə münasibətlərin müsbət olduğunu, Biden-in administrasiyasının isə, ABŞ-Azərbaycan münasibətlərini Amerikalı-Erməni münasibətlərinin qurbanına çevirdiyini vurğulayıb. Ötən il Azərbaycanın iqtisadiyyatında inkişafın qeydə alındığı, qeyri-neft sektorunda rekord göstəricilərə nail olunduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti, valyuta ehtiyatlarının artdığını və budəfəki büdcənin rekord səviyyədə olduğunu söyləyib. Nəhayət, cənab Prezident, 2020-ci ildən bəri Azərbaycanın işğaldan azad olunmuş ərazilərə yönəlmiş terror aktlarını da pisləməyi unutmayıb. O, Azərbaycanda Qarabağın bərpası istiqamətində irəliləyişlərin müsbət olduğunu və bu istiqamətdə Azərbaycan dövlətinin güclü siyasət yürüdüyünü vurğulayıb. Səhlə Ağbulud yazıçı-jurnalist, AYB Abşeron bölməsinin sədri
ÖNCEKİ HABER

"Bərdə: Kasiblara qarşı oyun plânları!"

SONRAKİ HABER

"AAAF Park: Söküntü və sakinlərin narazılığı"