Teymur Məmmədquliyev, 20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işlədiyini bildirir. 2022-ci ildən iş vaxtında aldığı xəsarətə görə, şirkət tərəfindən kompensasiya ödənilmədiyini və onun işdən azad edildiyini iddia edir. Teymur, 2004-cü ildən şirkətdə supervayzer vəzifəsində çalışdığını qeyd edir. O, 2022-ci ildə iş yerində xəsarət alıb: “Sağ bilək aypara sümük siniri və sol ayaq pəncəsinin siniginə görə iki dəfə əməliyyat oldum. Bu günə kimi fiziki funksional pozğunluq qalır. Bunu təsdiq edəcək bütün sənədlərim var” deyərək, şirkət tərəfindən heç bir yardım və maliyyə dəstəyi görmədiyini bildirir.
Teymur Məmmədquliyev, 2023-cü ilin sentyabr ayından etibarən maddi ödənişlərin tam dayandırıldığını vurğulayır. Halbuki, 9 dekabr 2022-ci ildən 16 may 2024-cü il tarixinə qədər xəstəlik vərəqəsi davam edirdi. O, Əmək Müfəttişliyi Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etdiyini, 6 fevral 2024-cü il tarixli DSMF sənədində də şirkətin günahkar olduğunun təsdiq edildiyini bildirir.
Vətəndaş, Dövlət İqtisadi Müfəttişliyi Xidmətinə yazılı müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədiyini qeyd edir: “Şirkət mənə xəsarət aldığım günlərə görə 25-30 min manat borcludur. Buna görə də, mən onları məhkəməyə vermişəm”. O, məhkəmə prosesi zamanı, əmək haqqının 3720 manat olduğunu, amma şirkətin onu 3400 manatdan hesabladığını açıqlayır.
Teymur Məmmədquliyev, 16 may 2023-cü ildən istehsal prosesini dayandırmağa başladığını, şirkətin isə onu zədələnmiş xəstə adlandıraraq, “sənin üçün burada iş yoxdur” dediyini ifadə edir. O, rəsmi olduğunu iddia etdiyi 500 manat əmək haqqı ilə işləməyi qəbul etmədiyi üçün, 1 oktyabr 2024-cü ildən 67-ci maddə ilə işdən azad edildiyini vurğulayır.
Şikayətçi, məsələyə dair məhkəmə prosesinin hələ də davam etdiyini bildirir. Teymurun təqdim etdiyi “İstehsalatda bədbəxt hadisə haqqında” aktda yazılır ki, o, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istərkən, həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyi zaman, çərçivənin yıxılması nəticəsində sağ əlini və sol ayağını zədələyib, nəticədə xəsarət alıb.
İddialara aydınlıq gətirmək məqsədilə “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə əlaqə saxlanılıb. Teymur Məmmədquliyevin narazılıqlarına cavab vermək istəyən şirkət, ancaq rəsmi sorğu məktubu ünvanlandıqdan sonra cavab verəcəkləri bildirilib. Rəsmi məktubu elektron poçt vasitəsilə göndərmək istədikdə, onu qəbul etməyəcəklərini, yalnız fiziki sənədləri ofislərinə təqdim etməyimizi tələb etdilər.
Qafqazinfo