Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Baş Prokurorluğun məlumatına görə, vəzifəli şəxs S. Mirzəmmədovun Oğuz rayonu ərazisindən keçən "Dasagil" çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) üzrə inzibati xətalarla bağlı iş üzrə icraatlar başlanaraq baxılması üçün Nərimanov rayon məhkəmələrinə göndərilib.
Son illərdə ölkəmizdə su ehtiyatlarının səmərəli istifadəsinin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması ilə bağlı ardıcıl tədbirlər görülür. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etdirilir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də İliçançay su anbarının tikintisidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin "İliçançay su anbarının tikintisi haqqında" 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır. İliçançay su anbarının ümumi su tutumu 108 milyon kubmetrdir, çay hövzəsində qurulan bəndin qası üzərində uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.
Şəki və Oğuz rayonları ərazisində yerləşən İliçançay su anbarının tikintisini "Körpü-Bina-Tikinti" MMC şirkəti həyata keçirir. XALQ.AZ-in əldə etdiyi məlumata görə, Oğuz rayonu ərazisində yerləşən Dasagil çayının yatağından qanunsuz daşınmalar həyata keçirən şirkətlərdən biri də "Körpü-Bina-Tikinti" MMC-dir. Belə ki, "Körpü-Bina-Tikinti" MMC şirkəti İliçançay su anbarının tikintisi üçün tərəfindən istifadə edilən qarışıq süxur xammalını Dasagil çayının yatağından daşıyır.
Bu ərazidə apardığımız çəkiliş zamanı Dasagil çayının sahilində ağır tonnajlı avtomobillərin hərəkət etdiyini gördük. Məsələ ilə bağlı "Körpü-Bina-Tikinti" MMC-yə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, "bu bizim maşınlar deyil, bizim daşıdığımız yer deyil, ora vaqon qoyublar, o da bizim deyil. Bu tamam başqa adamlardır."
"Körpü-Bina-Tikinti" MMC-dən elektron poçtumuza göndərilən açıqlamada şirkətin Dasagil çayının sahilindən qarışıq süxur xammalını daşıdıqlarını etiraf edirlər. Lakin bu, onların texnikası olmamasını bildirirlər. Araşdırmalar zamanı vəzifəli şəxs S. Mirzəmmədovun Oğuz rayonu ərazisindən keçən "Dasagil" çayından qum-çınqıl qarışığını götürərək yerin təkindən istifadəsi müəyyən edilib. Ancaq "Dasagil" çayından qum-çınqıl qarışığını götürərək yerin təkindən istifadə edən müəyyən edilmiş vəzifəli şəxs S. Mirzəmmədovun kim olması, hansı şirkətin işçisi olması açıqlanmır.
Qeyd edək ki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qadirovdur. (Xalq.az) Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.