Baki şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cələla Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.
Sakinləri narazı salan, gedis-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirirlər ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.
Sakinləri narazi salan tikinti ilə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Suraxanı rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır. Bu qədər açıq-askar aparılan və hər kəsin görə biləcəyi bir tikinti prosesinə niyə aidiyyəti dövlət qurumları sussuz qalır? Niyə bu prosesə hüquqi qiymət verilmir? Əgər tikinti qanunsuz deyilsə, ictimaiyyəti bu barədə niyə məlumat verilmir? Tikinti aparılan yerdə, heç bir təhlükəsizlik tədbiri görülmür, heç bir məlumat lövhəsi yerleştirilə bilməyib. Üstəlik, tikinti aparılan ərazidə ağaclar da var ki, onların da məhv edilmə ehtimalı yüksəkdir.
Bir ərazidə sakinlərin gözü önündə bir neçə qanun pozuntusu — qanunsuz tikinti, ərazilərin zəbt edilməsi, nəzarətsizlik və yaşıllıqların məhv edilməsi halları eyni anda baş verir. Ancaq bu qədər qanunsuzluğun baş verdiyi ərazi heç bir dövlət qurumunun diqqətini çəkmir. Sakinlər onlara narahat edən bu məsələ ilə bağlı rayonun icra başçısı Adil Əliyevə şikayət məktubu ünvanladıqlarını bildirirlər. Lakin edilən müraciətlərə heç bir reaksiya verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq. Aparılan tikinti ilə bağlı yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.