1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təsəbbüsü, Qaraçuxur bələdiyyəsi və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın təşkilatçılığı ilə "Uşaq hüquqları və azyaşlıların əməyi istismarı"na həsr olunmuş tədbir keçirilib. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada baş tutan tədbir, Azərbaycanın dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcufov, şəhid ailələrini, qaziləri və bütün qonaqları salamlayıb. O, bildirib ki, uşaq hüquqları bütün dünyada uşaqların müdafiəsi və rifahının təmin edilməsi məqsədli qəbulu edilmiş beynəlxalq norma və qanunlarla qorunur: “Əsasən, 1989-cu ildə BMT tərəfindən qəbul olunan Uşaq Hüquqları Konvensiyası, uşaqların hüquqlarını təmin edən ən önəmli beynəlxalq sənəddir. Bu konvensiya uşaqların sağlam və təhlükəsiz mühitdə yaşamaq, təhsil almaq, oyun və istirahət etmək, sağlamlıq xidmətlərindən faydalanmaq və öz fikirlərini sərbəst ifadə etmək kimi hüquqlarını tanıyır və qoruyur. Uşaq hüquqları hər bir uşağın cinsindən, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsdiqləyir.”
İxdiyar Nəcufov həmçinin qeyd edib ki, azyaşlıların əməyi istismarı uşaqların həm fiziki, həm də psixoloji inkişafına ciddi ziyan vuran bir problemdir: “Bu, uşaqların təhsil alma imkanlarının məhdudlaşdırılması, sağlamlıq vəziyyətlərinin pisləşməsi və ümumilikdə onların normal uşaqlıq həyatından məhrum olmaları ilə nəticələnir. Azyaşlıların əməyi istismarı müxtəlif formalarda ola bilər: təhsilalanların erkən yaşda əməyi məcbur cəlb edilmələri, xüsusilə təhlükəli və zərərli işlərdə istifadələri onların təhsil hüququndan məhrum edilməsi hesab olunur. Bu cür istismar halları yalnız uşağın inkişafına mənfi təsir göstərmir, həm də onların gələcək həyatına ciddi maneə törədir. Ölkəmizdə azyaşlıların əməyi istismarının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlar arasında qanunvericiliklə uşaqların əməyi qorunması, ictimai maarifləndirmə, sosial dəstək proqramları və beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır. Bizim də üzərimizə düşən əsas vəzifələrdən biri maarifləndirmə işlərini gücləndirməklə bunlara müvəffəq olmaqdır.”
Tədbirdə eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkilində bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyala Veysova, Suraxanı RİH yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, yetkinlik yaşına çatmamışların işi və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asif İmrahov, Qaraçuxur məscidinin imami Hacı Mirilyas Nəzirxan, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Digər çıxış edənlər Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görüldüyünü vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.