Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya
Bakı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsində məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində "Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişaf" adlı yan tədbir keçirilmişdir.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımov moderatorluq edib. "Orta Dəhliz"in çoxölçülü xarakteri mürəkkəb şəkildə təhlil olunmuşdur. Geosiyasi sabitlik və regional təhlükəsizlikdən başlayaraq, mədəni inteqrasiya, rəqəmsal platformalar və enerji təhlükəsizliyi kimi məsələlər panelin əsas müzakirə mövzusu olmuşdur.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin içərisində özünəməxsus yer tutur ki, bu da ölkənin təcrübəsi ilə bağlı bir sıra təbii səbəblərlə əlaqəlidir. O, qeyd edib ki, bu addımlar bütün insanlığın, beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.
Dövlət Komitəsinin sədri iclasın mövzusunun əhəmiyyətini vurğulayaraq, "Orta Dəhliz" məsələlərinin iştirakçı dövlətlər üçün yalnız nəqliyyat və logistika marşrutları deyil, eyni zamanda sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm bir vasitə olduğunu söyləyib. Zaman keçdikcə, bu dəhliz müxtəlift platformalarda əsas müzakirə mövzularından biri kimi seçilir.
Türkiyənin Ailə və Sosial Əməkdaşlıq Nazirliyinin rəhbəri Mahinur Özdemir Göktas vurğulayıb ki, "Orta Dəhliz" dünyada rifahı artırmaq üçün ortaq vizyonun temelini təşkil edir. O, eyni zamanda, Orta Asiya coğrafiyası ilə sinerji yaradıldığını vurğulayaraq, tarixi kökləri birləşdirən qədim mədəniyyət yolu olduğunu qeyd edib.
TDT Baş katibinin müavini Ömər Kocaman isə bildirib ki, artıq inkişaf edən dünya iqtisadiyyatında "Orta Dəhliz" adında bir reallıq mövcuddur. O, bu marşrutun Çin istehsal etdiyi məhsulları Avropa və dünya bazarlarına çıxarmaq üçün müxtəlix yollar axtardığını və Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında ən qısa və təhlükəsiz yol olduğunu qeyd edib.
Milli Məclisin deputatı Tahir Mirkisili isə bildirib ki, bu gün "Orta Dəhliz" dünyanın ən böyük iqtisadi, mədəni və sivilizasiyalararası dəhlizlərindən birinə çevrilib. Energetika nazirinin müavini Elnur Soltanov "Orta Dəhliz" mövzusunu geniş şəkildə müzakirə edərək, bu dəhlizin Azərbaycan üçün böyük bir konsepsiyanın xüsusi ifadəsi olduğunu vurğulayıb.
O, qeyd edib ki, cəmiyyətin və fərdin mövcudluğu üçün ailənin əhəmiyyətini vurğulayıb və ailənin cəmiyyətləri birləşdirən əsas mərkəz olduğunu bildirib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.