"Müəllimlərin hüquqları üçün mübarizə lazım!"

Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər

Həmkarlar İttifaqları Problemləri

Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsə də, göndəriş əsasında istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHIK-in qaynar xəttinin beləsinə işləmediyni bildiriblər. Eyni zamanda, “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər. AHIK-in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniiliklərin olacağına ümid edirdik. Ancaq heç bir nəticə yoxdur. İslər əvvəlki qaydada davam etməkdədir. Həmkarlar İttifaqları il ərzində böyük məbləğdə pul toplayır, amma pullar insanların istirahəti üçün xərclənmir.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında hüquqsünas İkrim Həsənov bildirib ki, hələ 1998-1999-cu illər ərzində Təhsil Nazirliyi yanında tələbə surasının sədri olanda bu məsələni qaldırıb: “Bu məsələni hələ o zaman qaldırmışam. Nə haqla bizim tələbə təqaüdümüzdən Həmkarlar İttifaqına üzvlük haqqı tuturlar. Halbuki heç bir tələbə ora üzv olmaq haqqında ərizə verməyib. Həmkarlar İttifaqı haqqında qanun var. Hətta Konstitusiyada bu yazılıb ki, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Könüllü o deməkdir ki, mən görüm ərizə yazım ki, sən mənim maaşımdan, yaxud stipendiyamdan üzvlük haqqı tutasan və mən istənilən anda da ordan çıxa biləm. Amma təəssüf ki, dövlət qurumlarında tələbələri, müəllimləri zorla üzv ediblər. Zorla maaşlarından tuturlar. Bu özü qanunsuzdur. Kiminsə üzvlük haqqında ərizəsi yoxdursa, bu dəqiqə məhkəməyə versə, bütün illər ərzində ondan tutulan məbləği geri tələb edə bilər.”

İkrim Həsənovun sözlərinə görə, Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır: “Qanuna görə Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır. Amma bizdə bunu məcburi bir hala çeviriblər. Təbii siz soruşsanız, niyə məni yox, digərlərini sanatoriyaya göndərirsiniz? Deyəcəklər ki, bizim belə bir öhdəliyimiz yoxdur. Öhdəlikləri doğrudan yoxdur. Ona görə o, vətəndaşlar narazıdır. Burada yumşaq variant odur ki, ərizə yazsınlar ki, mənim maaşından, tələbə stipendiyamdan tutmayın, ümumiyyətlə çıxıram ittifaqdan. Ən sərt addım isə məhkəməyə müraciət edib pullarını geri istəməkdir.”

Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Həsədov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı uzun illərdir təhsil sistemində fəaliyyət göstərən müəllimlərin, məktəb direktorlarının və digər pedaqoji heyətinin maaşından aylıq tutulmalar həyata keçirərək minlərlə manat vəsait toplayır: “Bu vəsaitin istifadəsi ilə bağlı ictimai hesabatlılıq isə yoxdur. İş Məcəlləsinin 26-cı maddəsinə əsaslanaraq, həmkarlar ittifaqına üzvlük könüllüdür. Lakin faktiki vəziyyət göstərir ki, xüsusən dövlət məktəblərində bu proses könüllü deyil, avtomatik və məcburidir.”

K.Həsədovun sözlərinə görə, yeni qəbul olunan müəllimlərin əksəriyyəti bu tutulmanın hansı əsasla aparıldığını bilmirlər. Onların maaşından ayda təxminən 1% tutulur ki, bu da illik hesabla təhsil işçilərinin cibindən milyonlarla manatın çıxması deməkdir.

Həmçinin bu vəsaitlərin necə xərcləndiyi, hansı müəllimlərin hansı xidmətlərdən yararlandığı barədə şəffaf məlumat yoxdur. AHIK və onun nəzdində fəaliyyət göstərən Təhsil Həmkarlar İttifaqı məktəblərdə fəaliyyətini daha çox kağız üzərində aparır. Müraciət edən müəllimlərin əksəriyyəti bildirir ki, onların “online” və ya fiziki müraciətləri cavabsız qalır, telefon xətti işləmediği üçün əlaqə qurmaq mümkün olmur.

Kamran Həsədov, Həmkarlar İttifaqının müəllimlərin deyil, rəhbərlərin marağını qoruduğunu vurğulayır: “İş Məcəlləsinin 299-cu maddəsi açıq şəkildə bildirir ki, kollektv müqavilələrin tərtibində həmkarlar ittifaqı əsas tərəf kimi çıxış etməlidir. Lakin Azərbaycanda məktəblərin böyük əksəriyyətində bu müqavilələr mövcud deyil, olanlar isə formal xarakter daşıyır.”

Təhsil eksperti 2023-cü il ərzində Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğunu bildirib. “Bu rəqəm əsasən illik üzvlük haqlarından milyonlarla manat vəsait toplanır. Amma həmin vəsaitin neçə faizi müəllimlərin sosial ehtiyaclarına yönəldilir, neçə faizi sanatoriyaya göndərişlərə xərclənir, neçə nəfər bu yardımlardan faydalanıb — bu suallar açıq qalır.”

Kamran Həsədov qeyd edir ki, dünyada həmkarlar ittifaqları müəllimin söz sahibinə çevrilməsinin əsas təminatçısıdır: “Finlandiyada müəllim həmkarlar ittifaqları vasitəsilə dərs yükünü, kurikulum dəyişikliklərini, iş şəraitini birbaşa müzakirə edir. İsveçdə müəllim həmkarlar ittifaqı maaş artımı və pensiya təminatında əsas tərəfdir.”

Amma Azərbaycanda isə həmkarlar ittifaqı müəllimə “bayramda konsertə bilet”, “Yeni ildən paket” prinsipi ilə yanaşır. Təhsil işçisinin real ehtiyacları — dərs yükü, psixoloji dəstək, hüquqi yardım, sosial müdafiə — bu qurumların gündəmində yoxdur. Rəhbərlik uzun illərdir dəyişmir, yeni təfəkkürə malik şəxslərin bu sistemə daxil olması əngəllənir.”

Bunun səbəbindən də müəllimlərin böyük əksəriyyəti həmkarlar ittifaqını formal qurum kimi qəbul edir və onun varlığını hiss etmir. Təhsil eksperti vurğulayır ki, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq: “Əgər dəyişiklik baş verməzsə, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq — müstəqil birliklər qurmaq, kütləvi şəkildə üzvlükdən imtina etmək və sosial səbkətdə təşkilatlanmaq ehtimalı artacaq. Bu isə həm hüquqi, həm də sosial baxımdan böhrana səbəb ola bilər.”

Təhsil həmkarlar ittifaqı dərhal islahata başlamalı, şəffaf hesabatlılıq təmin edilməli, idarəetməyə gənc müəllimlər cəlb olunmalı, üzvlük mexanizmi könüllü əsasda yenidən qurulmalıdır. Müəllim — bu ölkənin təməl sütunudur. O, maaşından tutulmuş vəsaitin qarşılığında susqunluq deyil, dəstək gözləyir. Əgər bu dəstək real şəkildə təmin olunmasa, həmkarlar ittifaqı təhsil sistemində etibarını tamamilə itirəcək.

ÖNCEKİ HABER

Səngəçal qəsəbəsində mədəniyyət evinin "sırları"

SONRAKİ HABER

Kanalizasiya Quyusu: Cümsüd Cümsüdlünün Ölümü Qanndı!