Bu gün Baki şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycanın İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan İrsı" kitabının birinci cildinin təqdimatı keçirilib. Bu, yalnız bir kitabın təqdimatı deyil, eyni zamanda tariximizin, milli kimliyimizin yaddasıdır.
Arazmedia.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başlayıb. İştirakçılar Böyük şəxsiyyətin xatirəsini ehtiramla yad edərək, onun milli-mənəvi irsin qorunması istiqamətindəki uzaqgörən siyasətini xatırlamışlar. Tədbir iştirakçıları mərkəzin foyesində qeyd olunan kitabın səhifələrini əks etdirən foto şəkillərə və Qərbi Azərbaycana aid kitablara baxış keçiriblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycan ərazisində qəbiristanlıqlar və tarixi abidələr üzərində ermənilər tərəfindən vandalizmə yol verilən hadisələri əks etdirən videoçarx nümayiş olunub. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov açaraq qonaqları salamlayıb. O, bu layihənin sadəcə elmi bir nəşr olmadığını, həm də mənəvi borcun təcəssümü olduğunu qeyd edib. Məlumat verilib ki, illər boyu Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımız çoxsaylı deportasiyalardan zərər çəkmişdir. 1905-ci ildən başlayaraq, 1988-ci ilədək, mərhələli şəkildə deportasiya olunmuşlar. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə Qərbi Azərbaycandan məcburi köçkün olunmuş vətəndaşların öz yurdlarına qayıtması fikrini dəfələrlə qeyd edirdi.
İcra başçısı vurğulayıb ki, Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycanın siyasi kursunun prioritet istiqamətlərindən biridir və bu istiqamətdə aparılan islahatlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Digər çıxış edənlər arasında Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid atası Nizami Hüseynov və Qərbi azərbaycanlı ziyalı Kərim Cəfərli vardı. Onlar kitabın elmi və ictimai əhəmiyyətindən danışıblar və bildiriblər ki, əsrlər boyunca Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin mədəni irs bu gün də xalqımızın mənəvi yaddaşında yaşayır və gələcək nəsillərə ötürülməsi zəruridir. "Qərbi Azərbaycan İrsı" kitabının nəşri bu istiqamətdə atılmış mühüm addımdır.
Həmçinin, vurğulanıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələ bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin əsas şərtlərindəndir. Şanlı Zəfərimizdən sonra bu istiqamətdə tarixi prosesin tam təmin olunduğu qeyd olunub və xalqımız əmindir ki, cənab Prezidentimizin siyasi iradəsi və qətiyyəti sayəsində Qərbi Azərbaycana qayıdışın ədalətli həlli beynəlxalq səviyyədə təmin olunacaq. Sonda tədbir iştirakçıları "Qərbi Azərbaycan İrsı" kitabının birinci cild ilə yaxından tanış oldular və kitabın təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Mənbə: Qaradagda "Qərbi Azərbaycan İrsı" kitabının təqdimat mərasimi keçirilib