“Kontakt Home” mağazalar şəbəkəsi satış bazarındakı rəqiblərinə qarşı xüsusi endirim kampaniyaları təşkil etməklə qalib gəlməyə çalışır. Bu şəbəkənin “ən maraqlı” tapıntılarından biri “endirim saatları” tətbiq etməsidir. Məsələn, elan edilir ki, filan gün axşam saat 20:00-dan 21:00-dək filan ünvandakı mağaza bağlanacaq, həmin müddətdə qiymətlər yeniləcək, xüsusi endirim tətbiq olunacaq və kəskin endirilmiş qiymətlər gecə yarısına kimi (00:00) davam edəcək.
Bununla, sosial şəbəkələrdə ciddi təbliğat aparıldıqdan sonra “Kontakt Home”un sözügedən filialına həmin saatda giriş dayandırılır, alıcılar qapıda gözlənilir, uzun növbə yaranır. Bir saat ərzində o ətrafdan ötən insanlar da niyə ora toplaşdığını öyrənir, “sok endirimlər” olacağını eşidib, gözləməyə qərar verir, nəticədə mağaza önündən müştəri çoxluğunu əks etdirən “real görüntü” əldə edilir.
Bu, mağazanın imicini yüksəldən fakt olaraq reklam kampaniyasında da istifadə edilir. Bu gün – 25 iyul 2025-ci il – eyni kampaniya “Kantakt Home”un Ukrayna dairəsində yerləşən filialında gerçəkləşdirildi: “50 faizdən endirim” elan edildi, 20:00-da mağazanı qapısı bağlandı, müştərilər qapı ağzına toplaşdı və 21:00-a qədər əmliccə növbə düzəldib, sonra insanları içəri buraxdılar.
İçəri girdikdə və “endirim kampaniyasına” daxil edilən məhsullara baxanda insanlar təəccüb edir. Məsələn, tanınmış şirkətlərdən birinə məxsus olan kondisioner 200 manata yaxın endirilərək, 1370 manata təklif edilir. Həm də “faizsiz” 6 ay kreditlə. Nə gözəl! Kifayət qədər “ucuz” sayıla bilər, baxmayaraq ki, 200 manat endirim vəd edilən “50%-dən endirim”dən çox aşağıdır. Etiraz edə bilmirsiniz, çünki “50 faizdən” elan edilib!
Almağa cəhd etsəniz, bəlli olacaq ki, “faizsizdir”, amma “komissiya haqqı” var, həm də tam 10%! “Komissiya haqqı” deyilən məbləği ümumi məbləğin üzərinə gəldikdə isə qiymət yenidən 1507 manat edir və bəlli olur ki, “endirim” ən yaxşı halda 3-4 faiz civarındadır.
Və bu da hamısı deyil! Çünki eyni məhsul “Kontakt Home”un adını hallandırmaq istəmədiyimiz rəqibi tərəfindən 1450 manata təklif edilir və bu qiymət 6 aylıq kreditlə də dəyişmir – komissiyasız, faizsiz. Yəni “xüsusi endirim”, “tez gəlin, yoxsa məhsul bitəcək”, “cəmi 3 saat ərzində almasanız, qiymət bahalaşacaq” gurultulu təbliğatı olmadan, mağazanın bağlanmadan və alıcıyı 1 saat qapı arxasında gözlədib, şou yaratmadan, normal şərtlərlə rəqibinin təklifi “Kontakt Home”dan ən azı bu məhsulda 57 manat daha ucuz başa gəlir!
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi MM-in 6-cı çağırış deputatı Elnur Allahverdiyevə məxsusdur.