Abşeron Rayonunda Qanunsuz Tikintilər
Abşeron rayonunun bir çox qəsəbələrində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz fərdi evlərin və obyektlərin tikintisi artıq adi hal alıb. Rayon icra hakimiyyətinin himayəsi və qəsəbə icra nümayəndələrinin havadarlığı altında son illərdə maklerlər tərəfindən minlərlə qanunsuz evlərin tikilməsi göz önündədir.
Bildirək ki, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi ev və obyektlərin kütləvi tikildiyi əsas ərazi Masazır qəsəbəsidir. Hazırda Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və magistral su xətləri üzərində yüzlərlə heç bir sənədi olmayan, ancaq Abşeron icra hakimiyyətindən "icazə" verilən və qəsəbə icra nümayəndliyi tərəfindən himayə edilən evlər tikilməkdədir.
Xalq-a daxil olan məlumata görə, Masazır qəsəbəsində tikilən bütün sənədsiz fərdi evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Sahlar Həsənov "nəzarət" edir. Belə ki, qəsəbədə ev tikintisinə Abşeron rayon icra hakimiyyətindən icazə alınmasında "vasitəçi"lik missiyası Sahlar Həsənova tapşırılıb.
İddia olunur ki, Masazır qəsəbəsində sənədsiz fərdi ev tikintisinin icazəsi 4-5 min manat arasında dəyişir. Ötən illərdə bu rəqəm 2-3 min manat idi, ancaq Abidin Fərzəliyev dövründə qiymətlər artıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi evlərin tikintisinə himayədarlıq edən Masazır qəsəbə icra nümayəndəsi işləyən Sahlar Həsənov milyonçuya çevrilib.
Təkcə Masazır qəsəbəsində Sahlar Həsənovə məxsus ancaq qardaşının adına sənədləşdirilmiş onlarla obyekt mövcuddur. Mətbuatda təkzib edilməyən məlumatlara görə, Sahlar Həsənov Masazırdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qardaşı vasitəsilə onlarla fərdi ev tikdirərək satıb. Aylıq əmək haqqısı 800 manat olan qəsəbə icra nümayəndəsi Sahlar Həsənovun varidatı bir neçə milyonla ölçülür.
Məsələ ilə bağlı Masazır qəsəbə icra nümayəndəsi Sahlar Həsənovdan və rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Yazıda adları keçənlərin fikirlərini dərc etmək üçün hazırıq.