Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi üçün qeydiyyat sona yaxınlaşır.
Arazmedia.az-a Dövlət İmtahan Mərkəzindən (DIM) verilən məlumata görə, abituriyentlər 29 aprel saat 23:59-da öz şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə edərək, DIM-in müvafiq internet səhifəsinə (buradan) daxil olmalı və imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçməlidirlər.
Bildirilib ki, 28 aprel saat 10:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 31,425, II ixtisas qrupu üzrə 25,867, III ixtisas qrupu üzrə 26,057, IV ixtisas qrupu üzrə isə 6,222 abituriyent olmaqla, ümumilikdə 89,571 abituriyent qeydiyyatdan keçmişdir. İmtahanda yalnız göstərilən tarixdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcəkdir. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
Mənbə: 90 minə yaxın şəxsin qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçib