Tahir İlyev adlı iş adamına məxsus “Koroglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Bu şirkət İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.
İddia edilir ki, “Koroglu” MMC avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malları idxal etmədikdə, xidmətlər göstərmədikdə və ya işlər görülmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlı inzibati xətanın bilavasitə obyekti olub. Bu hal üzrə vəzifəli şəxslər, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizi, hüquqi şəxslər isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizi qədər cərimə edilir.
Tədbirlər çərçivəsində “Koroglu” MMC ilə bağlı iş bu gün, yəni 27 yanvar tarixində Sabunçu rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət və sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin malın ölkəyə gətirilməsi zəruridir. Əgər iki il ərzində mal ölkəyə gətirilmir, bu, sahibkarın ölkədən pul çıxarması mənasına gəlir.
Bu maddənin qısa məzmunu belədir: sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaqlar. O pulu köçürdükdən sonra, iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər mal ölkəyə gətirilmir, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət və sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Koroglu” MMC şirkətinin rəhbəri adı tez-tez qalmaqallarda hallanan iş adamı Tahir İlyevdir.
```