15 İyun - Milli Qurtuluş Gününün Əhəmiyyəti
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən günlərdən biri 15 İyun - Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında ölkədə yaranan mürəkkəb ictimai-siyasi durum, Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı bir vaxtda təhlükəli proseslərin qarşısını ala bilmədiyini anlayan AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edir. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakı şəhərinə gəlir. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev, həyatını təhlükəyə ataraq Gəncəyə gedir və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alır.
1993-cü il iyunun 15-də, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir. Bu, Azərbaycanın ən yeni tarixində uğurlu mərhələnin başlanğıcı idi. Ümummilli Liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisədir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
15 İyun - Qurtuluş Günü, Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmi şəkildə qeyd olunub. Milli Məclisin həmin tarixdəki qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etməyə yönəlmiş çətin və sərfli bir missiyanı könüllü olaraq üzərinə götürməsi idi." Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyərək meydana atılan böyük ürəkli Vətən oğlunun fədakarlığı idi.
Ulu Öndər Heydər Əliyevin ideyaları işığında böyük inkişaf yolu keçən Azərbaycan, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun inkişaf edərək beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 22 ilin təcrübəsi, qazanılan uğurlar bunu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu daha da zənginləşdirərək inamla davam etdirir.
Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüm nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş və inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.
Azərbaycanda bugünkü siyasi və iqtisadi uğurlar, hərbi gücü, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi, məhz Milli Qurtuluşun bəhrələridir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Suşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Bu arzunu reallaşdıran Prezident İlham Əliyev deyib: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Suşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıtması dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Artıq bugünkü Azərbaycan, Heydər Əliyevin görmək istədiyi azad, suveren, müstəqil və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Xuraman Behbudova
Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru