Dil millətimizin fundamental milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni tərkiblərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkin müəyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir.
Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisədir; milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi, millətin öz taleyinə sahib olmasının, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbçədən, XV əsrdə isə Nizami Gəncəvi farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu sübut etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dövrdə - XIII əsrdə İzzəddin Həsənoğlu qızıllarını o dövrün "hakim" dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi.
İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyugları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik" poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə də, hər millətin mədəniyyətinin böyüklüyü sözlüklərində olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür.
Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dövrlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin safıqları uğrunda qətiyyətli mübarizə aparıblar. Lüğət tərkibinin mənaca çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə bağlı milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər.
Səmid Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Ali Tudə, Anar, Xəlil Rza Ulutürk, Məhəmməd Araz dilə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi.
Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlar, eləcə də tövsiyələrdə, çıxış və müruzələrdə vaxtasında bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, xüsusən də ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz edirsə də, dövlət və rəhbərlik qaygısı olmadan ikinci planda durur və misist dili səviyyəsini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, islahat dili çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildədə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmış bu dil dövlət əhəmiyyəti tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində bir qürurlu və uzaqgörənlik nümunəsi olmuşdur. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xətini təşkil edib.
Müstəqillik mərhələsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı önəmlərin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildədə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
2001-ci il iyunun 18-də Ümummilli lider Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirdi.
Ana dilinin daha da inkişaf etdirilməsi, islanması və saflığının qorunması ilə bağlı müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi istifadəsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Vahid İsmayilov
Tarix üzrə fəlsəfə doktoru