Avqustun 1-də, Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb.
Arazmedia.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov və YAP Qaradağ rayon təşkilatının sədri Ilqar İlyasov şəhid Aslan Eldar oğlu Əliyevin ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin adına inşa edilmiş bulağın bəzi önünə gül dəstələri qoyulub. Şəhidin atası Eldar Əliyev və ailə üzvlərinə başsağlığı verilərək səbr və təmkin arzulayıblar.
Tədbir zamanı Azərbaycanın Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunur.
Şəhid Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayilli kəndində anadan olub. Orta təhsilini həmin kənddə yerləşən məktəbdə alıb. Sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçüb və 184 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizdə düşmən atəşinin nəticəsində şəhid olub və avqustun 1-də Puta qəsəbəsində dəfn edilib.
Şəhidin atası Eldar Əliyev, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, qazanılan tarixi Qələbədə oğlunun da payı olduğuna görə qürur hissi keçirdiyini qeyd edib. Tədbirdə bildirilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, onların qanı bahasına azad edilmiş torpaqlarımız göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizin qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.
Şəhidlərimizlə qürur duyulur, onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik.