15 sentyabr - "Bilik Günü" münasibətilə Qaradağ rayonu ərazisində yerləşən ümumi təhsil məktəblərində və digər təhsil müəssisələrində yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilib.
Arazmedia.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən Faiq Rəfiyev adina 166 nömrəli məktəb-liseydə keçirilən "Bilik Günü" tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Ilqar Ilyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəkillərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Emil Abbasov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib. O, Azərbaycanda təhsilin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə müasir məktəblər tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir.
Emil Abbasov şagirdlərə müraciət edərək, müasir dünyada bilik və savadın insanın ən böyük üstünlüklərindən biri olduğunu bildirib. Gənc nəsilin yaxşı təhsil alması, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşması ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edib. Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin gələcəyi savadlı, vətənpərvər və yüksək dünyagörüşünə malik gənclərdən asılıdır. Bu baxımdan məktəb yalnız biliklərin verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı mühüm bir mühitdir.
Səbinə Xasayeva ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, müəllimlərin üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edib. O, şagirdlərə müəllimlərinin zəhmətini dəyərləndirməyi, daim öyrənməyi və qarşılarına yüksək məqsədlər qoymağı tövsiyə edib.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Ilqar Ilyasov çıxışında müəllim və şagirdləri "Bilik Günü" münasibətilə təbrik edib. O, təhsilin insan həyatında və cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, savadlı və dünyagörüşlü gənclərin yetişdirilməsinin hər bir dövlət üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Ilqar Ilyasov Ümummilli Lider Heydər Əliyevin gənclərə və təhsilə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsəd yönlü siyasət nəticəsində Azərbaycan gəncləri üçün təhsil, elm və özüinkişaf sahəsində geniş imkanlar yaradılıb.
Məktəbin direktoru Zeynəb Vəliyeva çıxışında yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edib. Direktor bildirib ki, 166 nömrəli məktəb-liseydə əsas məqsəd şagirdlərə keyfiyyətli təhsil verməkdir.
Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif musiqi və bədii kompozisiyalar təqdim olunub, məktəbin həyatını və təhsilin əhəmiyyətini əks etdirən çıxışlar səsləndirilib. Tədbirin sonunda ənənəvi “İlk zəng” səsləndirilib və bununla da yeni dərs ilinə başlanılıb. "İlk zəng"in sədaları altında məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə yeni təhsil həyatlarında uğurlar arzulanıb.
Qeyd edək ki, "Bilik Günü" münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən ümumi təhsil məktblərində keçirilən tədbirlərdə iştirak ediblər. Rayonun bütün qəsəbələrində "Bilik Günü" tədbirləri yüksək səviyyədə təşkili olunub və yeni dərs ilinin başlanması böyük ruh yüksəkliyi ilə qeyd edilib.