Bu ilin 10 ayı ərzində "myGov"un istifadəçi bazası 2,2 dəfə artaraq 5 milyon unikal istifadəçini keçib. Bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Beynəlxalq Bank Forumunda bildirib. Forumda verilən məlumata görə, "myGov" platformasının 60% hissəsi aylıq aktiv istifadəçilərdir. "Xidmətlərin istifadəsi, 'myGov' vasitəsilə təqdim olunan xidmətlərdən istifadənin 4,5 dəfə, məlumatlardan istifadənin isə 2,2 dəfə artdığı müşahidə olunub", - deyə Fərid Osmanov vurğulayıb.
Osmanov, "myGov"un yalnız vətəndaşlar üçün deyil, eyni zamanda hüquqi şəxslərə Dövlət xidmətlərinin vahid pəncərə platforması üzərindən həyata keçirilməsinin məqsədinin olduğunu bildirib. O, yaxın gələcəkdə "myGov" business platformasının ilkin pilot versiyasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu da əlavə edib.
Rəqəmsal transformasiya, innovasiya və süni intellektin Azərbaycan dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayan Osmanov, son bir-iki il ərzində qəbul olunmuş strategiyaların, siyasətlərin və qanunvericilik dəyişiklərinin bunu əks etdirdiyini qeyd edib. O, 2025-ci ildən başlayaraq ölkədə rəqəmsal inkişaf konsepsiyasının, ardınca süni intellekt strategiyasının qəbul olunacağını və cari ilin fevral ayında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illəri əhatə edən fəaliyyət planının qəbulunun önəmini xüsusi ilə vurğulayıb. Bu, ölkə rəhbərliyinin məhz ölkənin şaxələnmiş iqtisadiyyatının daha çox sürücüsü kimi rəqəmsallaşmanın və süni intellektin vacib fundamental elementə çevrilməsini görməsi ilə əlaqədardır.
Fərid Osmanov, bu sahədə sürətli inkişafın təmin edilməsi üçün regionda və beynəlxalq aləmdə əlaqələndirilmiş və koordinasiyalı fəaliyyətin çox mühüm olduğunu bildirib. "Bu fəaliyyəti bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Fəaliyyət üzrə siyasi qərarların qəbul olunması Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi ilə idarə olunan Rəqəmsal İnkişaf Şurası çərçivəsində tənzimlənir", - deyə o qeyd edib. Osmanov, bu effektiv əlaqələndirmənin son dövrdə rəqəmsallaşma istiqamətində xüsusi töhfələr verdiyini əlavə edib.
Onun fikrincə, ölkənin rəqəmsal inkişafı, innovasiyaların tətbiqi və süni intellektin tətbiqi ilə daha səmərəli idarəetmə modeli yaradıla bilər. Fərid Osmanov, qeyd olunan sahələrdə daha mütərəqqi yanaşmaların qəbul edilməsi və bu sahədə beynəlxalq təcrübələrin nəzərə alınmasının vacib olduğunu bildirir.